“Zərrab işi” bu həftə yekunlaşır: Qərar nə olacaq?

“Zərrab işi” bu həftə yekunlaşır: Qərar nə olacaq?

25 Dekabr 2017 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin gündəmini silkələyən Rza Zərrab işi yekunlaşmaq üzrədir. Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın məhkəməsində sonda yeganə ittiham olunan şəxs kimi Türkiyənin "Xalq Bank"ının baş direktor müavini Hakan Atilla qeyd olunub.
Qarşıdan Yeni il tətili gəldiyi üçün ehtimal olunur ki, məhkəmə bu müddətə qədər yekunlaşacaq və qərar açıqlanacaq. Bəs məhkəmənin qərarı ədalətli, yoxsa siyasi olacaq?
Məhkəmə prosesinin davam etdiyi ərəfədə ABŞ-la Türkiyə arasında münasibətlər bir qədər də gərginləşdi. Xüsusilə də fikirlər var ki, Qüds məsələsi ilə bağlı İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısı, BMT-nin qərarı və Ərdoğanın ortaya qoyduğu mövqe Tramp administrasiyasını daha da qıcıqlandırıb. Bütün bu olaylar Zərrab işinə də təsir edə bilərmi?
Muxalifət.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat"a danışan politoloq Qabil Hüseynli hesab edir ki, məhkəmənin yekun qərarı siyasi olacaq: "Siyasətin hüquqa qarışdığı, məhkəmə orqanlarına hökm etdiyi bir qərar olacaq. Düzdür, Amerikada məhkəmə müstəqildir və əsasən ədalətli qərarlar çıxarmağa məhkumdur. Ancaq Rza Zərrab olayında onu ələ aldılar. Nəticədə Zərrabdan Türkiyəyə və onun prezidenti Ərdoğana qarşı müxtəlif kompromatların yayılması üçün istifadə etdilər. Demirəm ki, Rza Zərrab irəli sürülən iddiaların heç də hamısında suçlu deyil. Bəli, Zərrabın o dövrdə İrana qarşı tətbiq edilən sanksiyalardan yan keçərək, onların qızıl ehtiyatlarını dollar və avroya çevirərək, "Xalq bank" vasitəsilə yenidən İrana göndərməsi faktdır və bu, təsdiq olunub. Çox təəssüf ki, bəzi nazirlərin adı da bu qalmaqala qarışıb. Çünki həmin qalmaqal ilk olaraq özünü Türkiyədə büruzə verdi. Daha sonra isə bu istiqamətdə Ərdoğanın özü ciddi tədqiqatlar apardı, hökumətin tərkibində müəyyən dəyişikliklər etdi, nazirləri də vəzifədən uzaqlaşdırdı. Məhkəmə demək olar ki, bu məsələlərin hamısına diqqət ayırır. Ortada isə rüşvət olaylarının olduğunu Zərrabın verdiyi faktlar əsasında təsdiqləyiblər. Zərrab nankorluq edərək, onun üçün Türkiyədə şərait yaradan Ərdoğanın da adını məhkəmədə çəkdi. Ancaq bu, hər hansı bir hüquqi məsuliyyət yaradan məsələ deyil. Sadəcə olaraq deyilib ki, guya "Xalq bank" vasitəsilə əldə olunmuş valyutanın İrana göndərilməsinə birbaşa Ərdoğan göstəriş verib. Hər halda hadisələr, o qədər də xoşagələn deyil. Həmin proseslər Türkiyədə baş verən zaman və buna qarşı profilaktik tədbirlər görülən vaxt da olay yaranmışdı. Bir sözlə, Türkiyə bu məsələnin əncamını özü çəkdi. Onlar buna lazımı siyasi qiymət verdilər. Amerikanın isə məhkəmələrdə bu məsələlərdən Türkiyəyə qarşı istifadə etməsi o qədər də uzaqgörən addım deyil".

Politoloq bildirib ki, Türkiyə açıq şəkildə deyir ki, İrana qarşı tətbiq edilən sanksiyalara razı deyildi: "Qonşu ölkəyə xüsusilə də qida məhsullarının göndərilməsi üçün lazımı addımların atılmasına Türkiyə göz yummamışdı. Sırf olaraq humanitar və insani qayğıları nəzərdə tutaraq, buna gedilib. İndi Amerika ürəyi istədiyi dövlətə hansısa məsələləri əsas götürüb sanksiyalar tətbiq edəcəksə və buna da qoşulmağı digər dövlətlərdən də tələb edəcəksə, bu, o qədər də məntiqə uyğun qərar deyil. Hesab edirəm ki, Zərrab məhkəməsinin aldığı qərarlar hər hansı ölkəyə, xüsusilə də bu ölkənin ayrı-ayrı vətəndaşlarına təsir gücü olmayan, tövsiyə xarakterli qərar olacaq. Bundan da yalnız siyasi polemikalarda bir fakt kimi istifadə edə bilərlər. Ancaq daha uzağa getmək mümkün olmayacaq. Ümumiyyətlə, Amerika ilə Türkiyənin münasibətləri təkcə Zərrab olayına görə pisləşməyib. Bu hadisələrdən başqa Türkiyənin Rusiyadan S-400 tipli hava hücumundan müdafiə sistemlərini alması məsələsi də var. Eyni zamanda Suriyada Rusiya ilə birlikdə Türkiyənin hərəkəti də Amerikanın xoşuna gəlmədi. Bir sözlə, Zərrab olayından başqa bir neçə mühüm amil var ki, çoxdandır Türkiyə-Amerika münasibətlərini soyutmaqda davam edirdi. Bu məsələdə eyni zamanda Trampın da xüsusi rolu var. Trampın Qüds qərarı demək olar ki, Türkiyə ilə münasibətlərin korlanmasında zirvə nöqtəsi oldu. Türkiyə bu məsələlərdə həm siyasi, həm də hüquqi cəhətdən kifayət qədər savadlı hərəkət etdi. Əvvəl İƏT-in sədri kimi zirvə toplantısını keçirdi. Burada Trampın qərarını heçə endirən Fələstinin dövlət kimi tanınması şərqi Qüdsün də bu dövlətin paytaxtı kimi tanınması haqqında müsəlman ölkələrinə tövsiyə verdi. Bir sözlə, son dövrdə baş verənlər çox təhlükəli hadisələr idi. Türkiyə-ABŞ arasında münasibətlərinə sonuncu nöqtəni də Türkiyənin təklifi ilə BMT-yə Qüds və Fələstin məsələsinin çıxarılması oldu. Təhlükəsizlik Şurasında bu qərar keçməsə də, Türkiyə israrla bu məsələnin Baş məclisə çıxarılmasını tələb edib, buna nail oldu. Nəticə etibarilə hətta Amerikanın müttəfiqləri belə Trampın verdiyi Qüdslə bağlı qərarı boykot etdilər. Bu, tarixdə misli görünməmiş hadisə idi. Münasibətlərə zərbə vursa da, bu işdə Türkiyə haqlı idi. Türkiyə Amerikanın qoluzorluğunun qarşısını almaq üçün haqlı cəhdlər göstərdi".