Əhalinin 85.2 faizi İlham Əliyevə səs verməyə hazırdır

Əhalinin 85.2 faizi İlham Əliyevə səs verməyə hazırdır

20 Dekabr 2017 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində keçirdiyi sosioloji tədqiqatın nəticələrini açıqlayıb.

Bu gün keçirilən mətbuat konfransında ictimai birliyin sədri İradə Yaqubova deyib ki, Azərbaycanın həyatında baş verən əhəmiyyətli hadisələri qeyd edən respondentlər ilk növbədə ordumuzun aprel döyüşlərindəki qələbəsini və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cocuq Mərcanlını (67.4 %) qeyd ediblər.

Mehriban Əliyevanın Birinci vitse-prezident seçilməsi (62.9%), Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ( 59.3%), "ASAN Xidmət" mərkəzlərinin açılışı və uğurlu fəaliyyəti (57.6%), yeni infrastrukturların yaradılması (51.6%) rəyi soruşulanlar tərəfindən önəmli hadisə kimi qiymətləndirilib.

İ.Yaqubova vurğulayıb ki, sorğu zamanı respondentlərə gələn həftə ölkədə prezident seçkiləri keçiriləcəyi halda ölkə prezidenti İlham Əliyevə səs verib-verməyəcəklərinə dair sual verilib.

Rəyi soruşulanların 85.2 faizi İlham Əliyevə səs verəcəklərini bildirib. 5.1 faizi səs verməyəcəyini deyib. 9.7 faiz isə cavab verməkdə çətinlik çəkdiyini deyib.Azvision.az