Quba yəhudiləri Trampın Qüds qərarını coşqu ilə qarşılayıblar

Quba yəhudiləri Trampın Qüds qərarını coşqu ilə qarşılayıblar

8 Dekabr 2017 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıması İsrail-Fələstin münaqişəsindəki vəziyyəti gərginlləşdirib.

İsrailin paytaxtının Qüds kimi tanınmasına Azərbaycanda yaşayan yəhuilərin reaksiyası necədir? Mediainfo.az-ın məlumatına görə,Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev Modern.az-a açıqlamasında bu addımı düzgün hesab edib.

"Qüdsün rəsmən İsrail dövlətinin paytaxtı elan edilməsi düzgün addımdır. Ona görə ki, köhnə vaxtlarda da İsrailin paytaxtı o şəhər olub. Qüdsün yenidən İsrailin paytaxtı elan edilməsi bölgədə sülh və əmin-amanlıq yaradacaq. Fələstinlə İsrail arasındakı münasibətlər yaxşılaşacaq". Yuri Naftaliev illərdir iki dövlət arasında sürən gərginliyə də münasibət bildirib.

"Elə fikirləşirəm ki, onların arasında gərək dostluq olsun. Çünki sadə insanların bu məsələdə heç bir təqsiri yoxdur. Sadəcə, hansısa qüvvələr xalqlar arasında gərginlik yaradır, aranı qarışdırır. Ona görə də daim belə konfliktlər baş verir".

Dini icma rəhbərinin sözlərinə görə, İsraildən adamlar tez-tez Qubaya gəlir.

"Azərbaycanda turizm çox yaxşı inkişaf etdiyindən İsraillə əlaqələrimiz də çox yaxşıdır. Demək olar ki, hər gün İsraildən qonaqlarımız olur. Ayda bir dəfə İsrailin Bakıdakı diplomatik korpusundan gəlib bizimlə maraqlanırlar".