ABŞ-ın sensasiyalı gedişi: Ankara Ər-Riyadla əvəzlənir...

ABŞ-ın sensasiyalı gedişi: Ankara Ər-Riyadla əvəzlənir...

25 Oktyabr 2017 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Əsədi hakimiyyətdən uzaqlaşdıraraq Suriyanı parçalamaq və İraqda kürd dövləti yaratmaq istəyən, lakin planları iflasa uğrayan ABŞ və digər avropalı müttəfiqlərinin İran və Türkiyəyə qarşı Səudiyyə Ərəbistanını gücləndirmək istəməsi aşkar görünür.

Bu sözləri Axar.az-a politoloq Nəzakət Məmmədova Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əbdüləziz əs-Səudun ölkəsinin "mülayim islama" keçməsi ilə bağlı çıxışına münasibət bildirərkən deyib. O bildirib ki, Səudiyyə Ərəbistanının müdafiə naziri vəzifəsini daşıyan vəliəhd şahzadənin bu bəyanatı məhz indi verməsi çox ciddi məsələdir:

"Bildiyimiz kimi, bir müddət öncə Səudiyyə kralı Rusiyaya səfər etmişdi, bugünlərdə isə ABŞ Dövlət katibi Tillerson Ər-Riyada getdi. Rusiya və ABŞ-la olan mühüm diplomatik-hüquqi təmaslardan sonra bu bəyanatın verilməsi çox mühüm siyasi qərarların alındığından xəbər verir. Səudiyyə vəliəhdini belə sensasiyalı bəyanat verməyə bir neçə səbəb vadar edə bilər. Bunların ən birincisi ABŞ amilidir. Bilirik ki, Səudiyyə islamın mərkəzidir, onun kralı "iki müqəddəs şəhərin xadimi" titulunu daşıyır. Din amili həmişə böyük güclərin əlində vasitə olub. Yaxin Şərqdə gedən proseslərdə Səudiyyə daima ön planda qərar tutub. Çünki bu coğrafiyada əsas amil islamdır, islamın mərkəzi isə bu ölkədə yerləşir. Osmanlı imperiyasının çöküşü məhz Səudiyyə torpaqlarındakı iğtişaşlardan başlamışdı".

Politoloq qeyd edib ki, Avropadan Asiyaya gedən ticarət yollarını Osmanlının əlindən almaq üçün onu parçalamağa çalışan İngiltərə burada vəhhabilik təriqətinin yayılmasına rəvac verdi və beləliklə üsyanlar nəticəsində Osmanlı zəifləməyə başladı:

"Səud tayfasının islam ilahiyyatçısı Əbd ül-Vəhhabla ittifaqına dəstək verən ingilislər onların bu günədək davam edən birliyinin əsasını qoydular. Səudlar siyasi, Əbd ül-Vəhhabın tərəfdarları isə dini hakimiyyəti ələ keçirdilər. Nəticədə Osmanlılar tərəfindən aradan qaldırılan Səudların dövləti 1924-cü ildə Səudiyyə Ərəbistanı adı ilə ingilislər tərəfindən tanındı. Osmanlının süqutunu sürətləndirən din amilindən bu gün islamın və Yaxın Şərqin çöküşünə zəmin hazırlamaq istəyən qüvvələr var. Məsələn, Yaxın Şərqin gələcək planlarında ehtimal olunan versiyalardan biri də Məkkə və Mədinəni Səudiyyədən ayıraraq Vatikan tipli kiçik teokratik dövlət qurmaqdır. Bəzi dövlətlər Səudiyyənin islamın mərkəzi statusunu zəiflətmək üçün oraya zəvvar göndərmir, Həccə alternativ olan Məşhəd və Kərbəla ziyarətlərini önə çəkməyə çalışır".

Politoloq vurğulayıb ki, hazırda Yaxın Şərqin xəritəsinin yenidən cızılması prosesi gedir və görünür ki, bir çox hadisələr qüvvələr balansını xeyli dəyişib:

"İranın Kərkükdəki son fəallığı, Suriyada onun dəstək verdiyi Əsəd rejiminin çökməməsi, əksinə, ərazisinin demək olar ki, tamamilə silahlı müxalifət və terrorçulardan təmizləməsi, Türkiyə ilə Kürdüstan, Rusiya ilə Əsəd məsələsində mövqelərin yaxınlığı ABŞ-ı vadar edir ki, müttəfiq Səudiyyəyə olan diqqəti artırsın. Bundan başqa, Türkiyənin son dövrlər ABŞ-dan uzaqlaşması daim modern islama nümunə kimi təqdim etdiyi Türkiyənin yerinə yeni bir islam dövlətinin qoyulmasını zəruri edir ki, buna ən uyğun namizəd vəhhabilikdən imtina edən Səudiyyə ola bilər. Belə olduqda Yaxın Şərqdə modern, inkişaf etmiş Ərəbistanın olması Qərbə çox lazımdır. Eyni zamanda, vəliəhd şahzadənin "biz bütün dinlərə açığıq" deməsi onların həm də bütün məzhəblərə tolerant olacağı mesajını verməklə, o cümlədən, Səudiyyənin öz daxilində olan şiə vilayətlərini, habelə Yəməndəki İrana rəğbət duyan şiə icmalarını neytrallaşdırmaq və İranın onlarla ittifaqına zərbə vurmaq məqsədi daşıyır. Vəhhabilikdən imtina etməklə Səudiyyə Yaxın Şərqdə məzhəb fərqi qoymayan lider dövlətə çevrilə, İran və Türkiyəni geridə qoyaraq modern islama nümunə ola və beləliklə də ABŞ Yaxın Şərqi daha etibarlı müttəfiq vasitəsilə asanlıqla idarə edə bilər".

Politoloq bildirib ki, görünür, kralın Rusiyaya səfəri zamanı bir sıra mühüm razılaşmalarla yanaşı, Şimali Qafqazdakı terrorçuların bu ölkədən dəstək görməyəcəyini bəyan etməsində də məqsəd Suriya hadisələrindən sonra Yaxın Şərqdə tamhüquqlu oyunçu statusu qazanmış Kreml ilə münasibətləri yaxınlaşdırmaq olmuşdur:

"Ehtimal olunur ki, gələcəkdə neft ehtiyatları tükənəcək Səudiyyə modernləşmə yolu tutmaqla ölkəni müasirləşdirilmək istəyir. Lakin geosiyasi maraqların ön planda olması nəzərə alınarkən, bu versiya inandırıcı görünmür. Vəliəhd şahzadənin bəyanatının isə daha əvvəl Moskvada Putinlə və ər-Riyadda Tillersonla pərdəarxası görüşdə kralın dilindən səsləndiyi daha inandırıcı görünür".

Qeyd edək ki, Ər-Riyadda keçirilən konfranslardan birində çıxışı zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əbdüləziz əs-Səud "mülayim islama" geri dönəcəklərini bildirib.