Çingiz Qənizadə generalın müdafiəsinə qalxdı

Çingiz Qənizadə generalın müdafiəsinə qalxdı

25 Oktyabr 2017 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Deputat Çingiz Qənizadə mətbuatın iki məhbusun qaçmasında günahkar sayılan qarovul rəisi Ceyhun Səmədovun Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun bacısı oğlu olmasını qabartmasına və bu hadisənin generalın karyerasını bitirəcəyi barədə yazılanlara münasibət bildirib. Modern.az-ın məlumatına görə, deputat deyib ki, Hüseyn Əlixanovu 1990-cı illərin əvvəllərindən tanıyır.

"Vaxtilə biz birlikdə prokurorluq orqanlarında işləmişik. Hüseyn Əlixanov məhz mənim təkidimlə Bakı şəhər prokurorunun birinci müavini olub. O, mənim Azərbaycanda tanıdığım ən ləyaqətli, təmənnasız və savadlı hüquqşünaslardan biridir. Hüseyn Əlixanov vaxtilə uzun müddət prokurorluq orqanlarında işləyib, Bakı şəhər prokuroru vəzifəsini bir müddət əvəz edib, dövlət çevrilişi ilə bağlı cəhdlərdə istintaq qrupunun rəhbərliyi ona tapşırılıb. Həmçinin, ən ağır cinayət işlərinin açılması ilə bağlı məsələlər ona tapşırılıb. O, ədliyyə orqanlarına keçən zaman fikirləşdim ki, Azərbaycan prokurorluğu ən yaxşı istintaqçısını itirdi.

Hazırda isə Penitensiar Xidmətin rəis müavinidir. Uzun illərin fəaliyyəti nəticəsində yüksək mükafatlar almış şəxsin adının mətbuatda bu cür hallandırılması, karyerasının bitirilməsinin arzulanması, hansısa qohumunun hərəkətlərinə görə "vurulması" xoşagəlməz haldır.

Çox istərdim ki, jurnalist dostlarım Hüseyn Əlixanovu yaxından tanıyardı. O, general adına layiq olan şəxsdir. Mətbuatın belə bir adamı bacısı oğlunun hansısa səhlənkarlığına görə "vurması" hesab edirəm ki, düzgün deyil".