Rusiya Ermənistana yeni baş nazir təyin edir

Rusiya Ermənistana yeni baş nazir təyin edir

24 Oktyabr 2017 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Rusiyanın baş naziri Dmitri Medvedevin Ermənistana ikigünlük səfəri başlayır. Mediainfo.az-ın "Report"-a istinadən verdiyi məlumata görə, Medvedev oktyabrın 24-də Ermənistanın baş naziri Karen Karapetyanla görüşəcək və Rusiya-Ermənistan diplomatik münasibətlərinin yaradılmasının 25-ci, iki ölkə arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında" "böyük müqavilə"nin imzalanmasının 20-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək.

Hökumət başçıları iqtisadi-ticari, energetika, sərmayə qoyuluşu, humanitar sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər. Bundan başqa, hökumətlərarası bir sıra sənədlər imzalanacaq.

Məlumata görə, 2016-cı ildə ikitərəfli ticarət dövriyyəsi 1 milyard 340 milyon dollar təşkil edib. Cari ilin ilk yarısında isə ticarət dövriyyəsi 726,6 milyon dollar olub. Rusiyanın Ermənistan iqtisadiyyatına sərmayə qoyuluşunun həcmi 44,7 faiz artaraq 2 milyard dollar təşkil edib.

Ən böyük sərmayə Rusiyanın "Qazprom" şirkətinin payına düşür. Bu şirkət Ermənistan iqtisadiyyatına 800 milyon dollar, Rusiya Dəmir Yolları 500 milyon dollar, "Rosatom" 270 milyon dollar, "Bank VTB" ("Ümumrusiya Ticarət Bankı") 283 milyon dollar və s. sərmayə qoyub.

Oktyabrın 25-də isə Dmitri Medvedev Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət başçılarının Yerevanda keçiriləcək toplantısında iştirak edəcək. İclasa Rusiya, Belarus, Qazaxıstan və Qırğız Respublikasının hökumət başçıları da qatılacaq. Yeri gəlmişkən, Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu Ermənistana ümumi həcmi 490 milyon dollar olan üç kredit ayırıb.

Dmitri Medvedev və Serj Sarqsyan

D.Medvedevin Ermənistana ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə etməyə gəlmədiyi istisna olunmur. O, Ermənistandakı hakimiyyətin ən çətin vaxtlarında Yerevana səfər edir. Rusiya hökumətinin başçısı 2016-cı il aprel döyüşlərindən sonra - aprelin 7-də Yerevana rəsmi səfər etmişdi.

Həmin il aprelin 9-da isə D.Medvedev Bakıya gəlmişdi. Yerevanda ermənilərin könlünü almağa çalışan baş nazir Azərbaycan paytaxtında rəsmi Bakını və ölkə ictimaiyyətini sakitləşdirməyə cəhd göstərmişdi: "Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi adi vəziyyət deyil. Rusiya BMT Təhlükəsizik Şurasının və ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin həllinə çalışır. Danışıqlar davam etdirilməlidir. Rusiya bu məsələnin həlli istiqamətində əlindən gələni əsirgəməyəcək. Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır. Sülh və danışıqlar yolunun alternativi yoxdur" və s.

Ancaq o, bu dəfə Yerevanda olduğu müddətdə Ermənistanın gələcək hökumət başçısının kimliyi məsələsinə aydınlıq gətirməlidir. D.Medvedevin səfəri hakimiyyətdaxili münasibətlərin və qüvvələr nisbətinin yerində öyrənilməsi məqsədi də daşıya bilər. Ölkənin indki prezidenti Serj Sarqsyanın səlahiyyət müddəti 2018-ci ilin aprelində başa çatır. 2018-ci ildən isə Ermənistan yeni konstitusiyaya uyğun olaraq parlamentli respublika üsul-idarəsinə keçəcək.

Vaxta az qalır. Bu ölkədə hakimiyyət daxilində və cəmiyyətdə istənilən gərginliyin baş verməsi Kremlin maraqlarına qətiyyən uyğun deyil. Ona görə də Moskva Ermənistanın gələcək baş naziri məsələsini indidən həll etməyə başlayıb.

Karen Karapetyan və Dmitri Medvedev

Serj Sarqsyan indi sahib olduğu resurslarla baş nazir Karen Karapetyandan güclüdür. K.Karapetyan isə bir il altı aylıq baş nazir olmaq istəmir. O, bu postu tutarkən bunu bildirmişdi.

Ermənistan KİV-nin yazdığına görə, K.Karapetyan kömək üçün Rusiyanın baş nazirinə müraciət edib. O, S.Sarqsyandan üstün ola bilməyəcəyini anladığından D.Medvedev vasitəsilə Rusiya hakimiyyətinin, əlbəttə ki, prezident Vladimir Putinin dəstəyini almaq niyyətindədir.

K.Karapetyanın narahatlığı başadüşüləndir. Çünki Ermənistanda S.Sarqsyanın baş nazir postunu tutması istiqamətində təbliğat genişlənir. O, açıq şəkildə bu iddiada olduğunu bəyan etməsə də, tərəfdarları artıq onun təbliğatı ilə məşğuldurlar.

Ermənistan parlamenti sədrinin müavini, hakim Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov oktyabrın 23-də "Azatyun"a müsahibəsində bildirib: "Serj Sarqsyan komandamızın şəriksiz lideridir".

Oktyabrın 16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra Sarqsyan Ermənistanın İsveçrədəki səfirliyinə gedib və orada erməni diasporunun nümayəndələri ilə görüşündəki çıxışında dedikləri ehtimal etməyə əsas verir ki, o, xaricdəki ermənilərdən baş nazir olması üçün dəstək istəyib: "Bir şeydən hamının əmin olmasını istəyirəm: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik, eyni zamanda Ermənistanı inkişaf etdirəcək və onu iqtisadi cəhətdən möhkəmləndirəcəyik".

Başqa sözlə, o, bu bəyanatla diaspora gələcək fəaliyyət proqramı ilə bağlı mesaj göndərib.

Vətəndaş cəmiyyətinin nümayəndəsi Narek Samsonyan deyib ki, Avropa İttifaqı 2018-ci ildən sonra da Serj Sarqsyanla işləyəcəyini bilir.

S.Sarqsyan kimi K.Karapetyan da Moskvanın adamıdır. Ancaq indiki baş nazirin Ermənistanda ictimai dayağının zəif olduğu istisna edilmir. Ona görə də Karapetyanın yeganə ümidi Rusiyadakı dayaqlarıdır.

Medvedev isə bu dayaqlardan, yaxud bu istiqamətdə ona yardım edəcək elementlərdəndir.

Ola bilsin Medvedevin Rusiya hakimiyyətində oynadığı rolu Karapetyan Ermənistan hakimiyyətində oynasın. Ancaq bu rol tərsinə ola bilər: Serj Sarqsyan baş nazir olur, Karen Karapetyan isə prezident.

Bütün hallarda Rusiya Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yetişdirib Ermənistanda hakimiyyətə gətirdiyi qüvvələrdən, fərdlərdən hələlik lazımi səviyyədə faydalanır. Robert Koçaryan və Serj Sarqsyanın prezident olması bunu təsdiqləyib. Onlar Kremlin cızdığı xətti hələ keçməyib və ya Moskvaya asi olmayıblar. Karen Karapetyan da öz yerlilərindən fərqlənmir. Onun baş nazir olmasını Moskva Serj Sarqsyana qəbul etdirməlidir. Yaxud Ermənistanın indiki prezidentini özündən əvvəlki yerlisi Koçaryan kimi pensiyaya və ya sərəncama göndərməlidir.

Hələlik vəziyyət belədir. Heç D.Medvedevi Ermənistanda xoş xəbərlə qarşılamır. O, ilyarım bundan əvvəl olduğu kimi, Yerevana yenə hərbçilərin ölümü xəbəri fonunda səfər edir. Ancaq bu hərbçilər Rusiya Silahlı Qüvvələrinin təmsil edir, ölümlərinin səbəbi də fərqlidir.

Qeyd edək ki, oktyabrın 23-də Rusiyanın bu ölkədəki 102 saylı hərbi bazasında müddətdən artıq xidmət edən hərbçi avtomatla öz yoldaşını qətlə yetirib. Bundan sonra həmin hərbçi özünü də güllələyərək öldürüb.

Beləliklə, D.Medvedev Ermənistan hakimiyyətində səliqə-sahman yaratmaq üçün Yerevana səfər edir. Avrasiya İqtisadi İttifaqının nüfuzu və perspektivini nəzərə alsaq, onun iclasında iştirak bu məsələnin yanında çox kiçik görünür. Ona görə də Rusiya üçün Ermənistanın mahiyyəti çox əhəmiyyətli olduğundan Kremlin bu ölkəyə özünün iki ən etibarlı adamından birini baş nazir təyin edəcəyi ehtimalı daha böyükdür. Medvedevin Yerevana səfəri də, deyəsən, elə təyinata oxşayır.