Avropa İttifaqı Ermənistanla saziş imzalamayacaq

Avropa İttifaqı Ermənistanla saziş imzalamayacaq

24 Oktyabr 2017 15:17
141
Bəyəndim (0) Bəyənmədim (0)

Düz bir ay sonra, noyabrın 24-də Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığının sammiti keçiriləcək və burada Ermənistanla Avropa İttifaqı arasında hərtərəfli və geniş əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir. Lakin bu tarix yaxınlaşdıqca bu sənədin anonsu verilmiş imzalanmasının baş tutub-tutmayacağı ilə bağlı şübhələr artır.

Ermənistanın qərbyönümlü dairələrində narahatlıq elə həddə çatıb ki, Yerevanda dərc olunan "Tert" nəşri Avropa İttifaqının ofisinə müvafiq sorğu yollayıb və birmənalı tərcüməsi mümkün olmayan cavab alıb.

Virtualaz.org xəbər verir ki, erməni nəşrinə Avropa İttifaqının cavabında deyilir: "Çalışırıq ki, Ermənistanla Avropa İttifaqı arasında hərtərəfli və geniş əməkdaşlıq haqqında saziş mümkün qədər tez imzalansın".

"O vaxta kimi saziş layihəsi daxili proseduralardan keçəcək, o cümlədən tərcümə olunaraq İttifaqın üzv ölkələrində dövlətdaxili prosedurlardan keçəcək. Vacib olan odur ki, danışıqlar bitib və paraflanma olub, həmçinin Avropa İttifaqının və Ermənistanın mümkün qədər tez sazişi imzalamaq üçün hazırlığı və istəyi var", - Aİ mətbuat xidmətindən bildirilib.

Ermənistanın ekspert dairələrində Ermənistan-Aİ sazişinin noyabrın 24-də imzalanmayacağı ilə bağlı müzakirələr təsadüfi deyil. Bunun üçün əsaslar mövcuddur.

Avropa İttifaqındakı mənbədən virtualaz.org-a bildirilib ki, Ermənistanla saziş, doğrudan da, Brüsseldəki sammitdə imzalanmaya bilər. Söhbət yalnız texniki səbəblərdən getmir.

"Aİ ölkələrindən bir neçəsi bildirib ki, sənədi yalnız onların dövlət dilində olduğu zaman imzalayacaqlar, tərcümə isə bu vaxta yetişmir", - mənbə deyib.

Məhz buna görə Aİ-nin mətbuat xidmətində bildiriblər ki, onlar "çalışırlar", lakin bununla belə imzalanma gününü – noyabrın 24-nü təsdiq etməyiblər.