İraq mübahisəli əraziləri kürdlərdən almağa davam edir

İraq mübahisəli əraziləri kürdlərdən almağa davam edir

18 Oktyabr 2017 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

İraq hərbi qüvvələri kürd qüvvələrinin nəzarətində olan mübahisəli əraziləri geri almaq üçün başlanmış hərbi əməliyyatın bitdiyini deyir.

Bu bəyanat İraq qüvvələrinin Mosul Bəndi də daxil olmaqla Ninəva əyalətində kürd peşmərgə qüvvələrinin özünü İslam Dövləti (İD) adlandıran qruplaşmadan ələ keçirdiyi əraziləri geri almasından sonra verilib.

Bu həftənin əvvəlində əsgərlər və xüsusi polis qüvvələri Kərkük şəhəri və yaxınlıqda yerləşən neft yataqlarını da ələ keçirib.

İraq hökumətinin hərbi əməliyyatı kürdlərin nəzarətinə olan ərazilərdə müstəqillik referendumunun keçirilməsindən bir neçə həftə sonra başlanıb.

İraqın Baş naziri Heydər əl-Abadi referendumu "keçmişdə qalmış bir şey" adlandırıb.

O, kürd regional hökumətinə müraciət edərək, dialoq və İraqın konstitusiyası çərçivəsində "milli tərəfdaşlıq" istədiyini deyib. Konstitusiyaya əsasən, Dohuk, Ərbil və Süleymaniyə əyalətləri muxtar kürd regionuna daxildir.

Bununla kürd peşmərgə qüvvələri 2014-cü ildə nəzarətləri altında olan ərazilərə qayıdıblar, İraq hərbi kommandiri Reuters-ə deyib.

Kürd qüvvələri 2014-cü ildə İD-nin şimali İraqda hökumət qüvvələrinə qarşı qələbələrindən sonra, İD-ə qarşı hərbi mübarizəyə başlayıb və qruplaşmadan əldə etdiyi ərazilərlə kürd regional hökumətinin nəzarətində olan ərazini genişləndirib. BBC-Azeri