Britaniya mətbuatı: “Rusiyanın nefti qurtarmayınca beynini işlətməyəcək”

Britaniya mətbuatı: “Rusiyanın nefti qurtarmayınca beynini işlətməyəcək”

3 Oktyabr 2017 18:43
Bəyəndim (0) Bəyənmədim (0)

"Financial Times" qəzeti yazır ki, Rusiya 21-ci əsrdə qlobal güc olmaq istəyirsə, texnologiyalar sahəsində iki yarışın birindən, ola da bilsin ki, hər ikisindən qalib çıxmalıdır.

Bunlardan birini prezident Putin tələbələrlə görüşündə açıqlayıb. O, gənclərə süni zəkanın gətirə biləcəyi imkan və təhlükələrdən danışıb.

Rusiya prezidenti deyib ki, "bu sahədə kim lider ola bilsə, o da dünyaya hakim olacaq".

Məqalədə deyilir ki, Rusiyanın zaman-zaman müasir texnologiyalarda liderlik etdiyi məqamlar olub. Məsələn elə Yerin süni peyki - Sputnik kimi. Bu ölkə hələ də dünya səviyyəli riyaziyyatçı və mühəndislər yetişdirir.

BCG Henderson İnstitutunun direktoru Martin Reeves dünyanın rəqəmsal qüvvə xəritəsini tərtib edib. O deyir ki, Avropa texnologiyaların bir çox sahələrində "ölü daş" kimidir, amma süni zəka sahəsində bəzi böyük uğurlara nail olub.

Lakin bu sahədə Rusiyanın şübhə doğurmayan insan potensialına baxmayaraq onun ekspertləri hazırda San Fransisco, Tel Əviv və ya Londonun laboratoriyalarında çalışırlar. Süni zəka araşdırmalarına dair çox az patentlər Rusiyada qeydiyyatdan keçib.

Bu mənada ABŞ-ın texnoloji şirkətləri rusiyalı həmkarlarından bir baş yuxarıda dayanırlar. İqtisadiyyatı Rusiyadan səkkiz dəfə böyük olan Çin də bu sahədə böyük uğurlara nail olmağa başlayıb.

FT yazır ki, bütün bunları düşünəndə, Putinin dediklərini izah etmək çox çətin olur. Ola da bilsin Rusiya prezidenti süni zəkadan danışanda, ondan ilk növbədə hərbi istifadəni ürəyindən keçirir. Bəziləri hətta iddia edirlər ki, Rusiya 2016-cı ildə ABŞ seçkisinə müdaxilə edərkən süni zəka texnologiyalarından faydalanıb.

Moskvanın ikinci aparıcı texnoloji uğuru neft sahəsində ola bilər. Georgetown Universitetindən professor Thane Gustafson bu yaxınlarda Londondakı Chatham House analitik mərkəzindəki mühazirəsində Rusiya neftinə meydan oxuyan üç əsas problemdən danışmışdı.

Birincisi, şist neftinin hasilatı sahəsində ABŞ-ın qazandığı uğurlardır. İndi şist neftinin çıxarılması texnolgiyaları o qədər inkişaf edib ki, qara qızılın bir barrelinin qiyməti 90 dollardan 40 dollaradək enib.

İkincisi budur ki, Rusiyanın əsas gəlir mənbəyi olan "qonur" Qərbi Sibir neftinin ehtiyatları tükənir və Rusiya getdikcə daha çox Şərqi Sibirin "yaşıl" və Arktik okeanın "mavi" neftindən asılı vəziyyətə düşür.

Üçüncüsü isə elektrik avtomobillərinin getdikcə artan istehsalı və bununla əlaqədar neftə tələbatın ümumiyyətlə azalması perspektividir.

Cənab Gustafson deyib ki, Rusiyanın bu çətinlikləri aşmaq üçün yeganə yolu özünün ABŞ-dakına bənzər şist nefti texnologiyalarını inkişaf etdirməsi olardı.

Əlbəttə, Rusiyada neft sənayesinin gələcəyinin şistlə bağlı olduğunu başa düşürlər. Lakin professorun fikrincə, bu sahədə irəliləyiş əldə etmək üçün Rusiyanın lazımı kadrları və menecer ehtiyatları yoxdur.

Başqa sözlərlə, Rusiyanın illər boyu xammala məftunluğu onun ixtisaslı insan ehtiyatları yaratmasına mane olub. Rusiya öz xalqına hələ də yaradıcılıq meydanı verməyib. İxtisaslı menecerlərin yetişməsi üçün adamlara Kremlin indiyədək qıydığı azadlıqdan daha geniş meydan tanınmalıdır.

Rusiyadan mülkiyyət haqlarının lazımınca qorunmaması üzündən qaçmış bir biznesmen FT-yə deyib ki, o, texnologiyalar və neft yarışlarında vətəninin birincidə udub, ikincidə uduzmasını istəyir.

"Yalnız bu halda Rusiya beyinlərə əsaslanan iqtisadiyyat qura bilərdi" - deyib biznesmen.