Ukrayna Azərbaycandan silah istəyir

Ukrayna Azərbaycandan silah istəyir

6 Fevral 2017 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Tezliklə Ukraynadan Azərbaycana böyük nümayəndə heyəti gələcək və iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərinin genişləndirilməsinə dair danışıqlar aparacaq.

Virtualaz.org xəbər verir ki, bunu Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko bildirib. Səfir deyib ki, Ukrayna Azərbaycandan silah və hərbi texnika istəyir.

"Hərbi-texniki əməkdaşlıq bizim əməkdaşlığımızda həmişə başlıca komponentlərdən biri olub. Bu gün artıq biz Azərbaycana hərbi texnikanın bir sıra növlərinin təchizatı ilə bağlı kömək üçün müraciət edirik"-səfir deyib. Diplomat əlavə edib ki, əvvəllər Ukrayna Azərbaycana silah verirdi, indi isə Ukraynanın Azərbaycandan silah və hərbi texnika almasına ehtiyac yaranıb.

Ukraynanın Azərbaycan istehsalı olan hansı silahlara və hərbi texnikaya maraq göstərdiyi hələ məlum deyil. Lakin hazırda Donbassda gedən hərbi əməliyyatları nəzərə alanda təxmin etmək olar ki, Ukrayna ordusunun Azərbaycanın İsraillə birlikdə istehsal etdiyi pilotsuz uçan aparatları, snayper silahlarını, habelə "Motador" və "Morader" tipli zirehli nəqliyyat vasitələrini əldə etməyə marağı var. Ancaq Bakının Kiyevə silah satması Rusiyada nə dərəcədə qıcıq doğura bilər, bunu təxmin etmək lazımdır.

Mediainfo.az