Devid Kemeron İran prezidentini kəskin tənqid etdi

Devid Kemeron İran prezidentini kəskin tənqid etdi

23 Sentyabr 2011 10:12
Bəyəndim (0) Bəyənmədim (0)
Tərəflər növbə ilə bir-birini ittiham etdilər

Agence France-Pressenin məlumatına görə, Britaniyanın baş naziri Devid Kemeron BMT Baş Assambleyasında çıxışı zamanı özündən əvvəl kürsüdə nitq söyləmiş İran prezidenti Mahmud Əhmədinejatı kəskin tənqid edib. Xatırladaq ki, İran rəhbəri çıxışı zamanı ümumdünya iqtisadi böhranına və son müharibələrə görə aparıcı Qərb dövlətlərini ittiham etmiş, onları işğalçılıqda və başqalarının təbii sərvətlərini mənimsəməkdə günahkar bilmişdi.

22 sentyabr günü kürsüyə qalxan Devid Kemeron İran rəhbərinin ittihamlarına özünə xas tərzdə soyuqqanlılıqla cavab verdi: "O, bizə xatırlatmadı ki, rəhbərlik etdiyi ölkədə seçkilərə oxşar bir şey var, ancaq söz azadlığı boğulur, KİV üzərində nəzarətə cəhd göstərilir, nümayişçilərlə vəhşicəsinə rəftar olunur, işıqlı gələcək üçün mübarizə aparanlar işgəncələrə məruz qalır. "

Baş nazirin sözlərinə görə, Liviyada, Tunisdə, Misirdə baş qaldıran xalq üsyanları İran və Suriya rəhbərliyini demokratik islahatlara sövq etməlidir. Kemeron siyasi ustalıqla İrana hədə-qorxu gəlməyi də unutmadı. O, ərəb üsyançıları ilə Qərbin koalisiyası barədə ağızdolusu danışaraq, inqilabların məhz NATO-nun hərbi dəstəyi ilə baş tuta biləcəyini xüsusi vurğuladı və "biz bu işi zəiflətməməliyik, Qərb demokratik islahatlara can atan xalqlara dəstək verməlidir", - deyə sözlərinə əlavə etdi. Kemeron həmçinin Fələstinin BMT-yə qəbul olunması məsələsinə də müsbət fikrini bildirdi.

Xatırladaq ki, Əhmədinejatın çıxışı zamanı Britaniya, ABŞ və digər Avropa Birliyi ölkələrinin nümayəndələri zalı tərk etmişdilər.

Pis və daha pisin arasında istər-istəməz birincini seçməli olursan, yəni Qərbi...

Hafiz Əhmədov

O.M.