XİN Səməd Seyidovun qalmaqal yaradan səfərinə mövqe bildirdi

XİN Səməd Seyidovun qalmaqal yaradan səfərinə mövqe bildirdi

16 Sentyabr 2016 08:19
Bəyəndim (0) Bəyənmədim (0)
Həmkarları onu müdafiə etdilər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun ermənipərəst deputat Rene Rukenin dəvəti ilə Fransaya səfəri son günlərin əsas müzakirə mövzularından biri oldu. Politoloq Elxan Şahinoğlunun sosial şəbəkələrdə paylaşdığı statusla gündəmə gələn mövzu günlər keçməsinə baxmayaraq, aktuallığını itirmir.

Buna səbəb də R.Rukenin Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəyə girişinin qadağan olunması və ermənipərəst deputatın 5 il öncə 32 həmkarı ilə birlikdə qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqil dövlət kimi tanınan sənədə imza atmasıdır.

S.Seyidovun Fransadakı konfransda iştirakı ilə bağlı ictimaiyyət arasında fikirlər heç də birmənalı olmadı. Doğrudur, əksəriyyət bunun əleyhinə çıxdı, amma AŞ PA-dakı nümayəndə heyətimizin rəhbərini müdafiə edənlər də tapıldı.

Diqqətçəkən məqam Rukenin ölkəyə girişinə qadağa qoyan XİN rəhbərliyinin məsələ ilə bağlı susqunluğu oldu. Səfərin üzərindən artıq günlər keçib, amma hələ də rəsmi mövqe bildirilməyib. Ümumiyyətlə, hakimiyyət rəsmilərindən heç biri S.Seyidovun səfərinə münasibət sərgiləməyib. Ortada yalnız deputatımızın politoloq E.Şahinoğlunun statusuna verdiyi cavab və sonradan cavabına verilən əks reaksiyaya rusca həsr etdiyi şeir var.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deputatın səfəri ilə bağlı "Yeni Müsavat"a qısa münasibət bildirdi: "İcraedici hakimiyyət orqanının nümayəndəsi olaraq, qanunverici hakimiyyətin fəaliyyətini şərh edə bilmərik".

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa S.Seyidovun səfərinə etiraz edənləri anlayışla qarşıladığını söylədi: "Dəvət edənin kimliyi Səməd Seyidova və başqalarına bəllidir. Səfərdən imtina edilməsi çıxış yolu ola bilməzdi. Ona qalsa, Avropa Şurasında bu sayda olanlar var. Ermənipərəst deputat var deyə düşünürəm ki, məsələləri diskussiyalardan qaçmaq üzərində qurmaq olmaz. Hansı məkan olmasından asılı olmayaraq, müzakirələrə qatılmaq lazımdır. Ermənilər bu tədbiri təşkil edib dəvət etsəydilər, söz versəydilər, yenə də mövqeyimizi müdafiə etməli idik. Mövqelərdən imtina etmək əslində keçilmiş yoldur. Belə imtinalarımız dəfələrlə olub. Amma dəyişən heç nə olmayıb. Kimsə dəvət edirsə, lap "qara siyahı"da olsun, getmək lazımdır, orada dəvət edənin mövqeyini müdafiə etmirik, erməniləri ifşa edirik. O şəxsin mövqeyi təqdir edilsə idi, o zaman tam qınağa layiq olardı. Amma faktiki olaraq, Azərbaycanın haqlı mövqeyi ifadə olunursa, bunun nəyi pisdir? Biz imtina etmək siyasətindən uzaqlaşmalıyıq. Azərbaycanın harada olmağımızdan asılı olmayaraq, mövqeyini müdafiə etməyi bacarmalıyıq".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, baş verən hadisəni fərqli şəkildə, duyğusal yanaşma olmadan qiymətləndirmək lazımdır: "Böyük dövlətlərdə lobbiçilik edənləri tərəfimizə çəkməyi bacarmalıyıq, ən azından buna cəhd etməliyik, neytrallaşdırmalıyıq. Söz demək ehtiyacı yaranırsa, demək lazımdır. Biz İrəvana gedəndə də adımızı hallandırdılar. Amma Serj Sərkisyanın otağında ona öz sözümü dedim. Burada pis nə var ki? Səməd Seyidovun iştirak etdiyi konfransa qatılmaq vacib idi. Əgər orada ermənipərəst insanları öz tərəfimizə çəksək, yaxud neytrallaşdırsaq, bu bizim yalnız xeyrimizə ola bilər. Onsuz da dost olduqlarımızla dostuq. Əks tərəfdən gələn zərbələri neytrallaşdırmaq lazımdır. Bu baxımdan Səməd müəllimin dəvəti qəbul etməsi doğru addımdır. Əgər imtina etsəydi, diplomatik fərarilik olardı. Bütün yerlərdə ölkəmizi təmsil etməliyik. Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı münasibət bildirməsi vacib deyil. Gələcəkdə həmin şəxs yenidən Azərbaycana qarşı əvvəlki düşmənçilik siyasətini, fəaliyyətini aparacaqsa, o zaman hansı addımların atılacağı həmin situasiyaya uyğun müəyyənləşdirilməlidir. Əsas olan Azərbaycanın maraqlarıdır. Bizə qarşı çıxan milliyyətindən, dinindən asılı olmayaraq düşmənimizdir". (musavat)

Mediainfo.az