İslam Kərimov Azərbaycana qarşı - faktlar

İslam Kərimov Azərbaycana qarşı - faktlar

5 Sentyabr 2016 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

İsa Qəmbər: "Kərimov dedi ki, Azərbaycan buranı tərk etməlidir"; Qabil Hüseynli: "Özbəkistan prezidenti dedi ki, əgər gündəmə Dağlıq Qarabağ və Ermənistanla bağlı məsələ daxil edilsə, toplantını tərk edəcək"

25 il müstəqil Özbəkistanın prezidenti olmuş İslam Kərimovun fəaliyyəti, daxili və xarici siyasəti sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. Xüsusilə müxalifət cameəsi mərhum prezidenti diktator adlandırır, onu sərt tənqid edirlər.

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər sosial şəbəkədə İslam Kərimovla bağlı bir xatirəsini paylaşıb. Həmin yazıda İ.Qəmbər İ.Kərimovun Azərbaycanla bağlı mövqeyinə diqqət çəkib. İ. Qəmbər bildirib: "1992-ci il 6 iyulda Moskvada MDB (Müstəqil Dövlətlər Birliyi) sammitində iştirak edirdim. Azərbaycan o mərhələdə MDB üzvü olmasa da, Rusiya prezidenti Yeltsin təkidlə xahiş edirdi ki, Elçibəy bu sammitdə iştirak etsin. Əbülfəz bəyin təklifi və qərarı ilə mən gedəsi oldum. MDB sammiti keçirilən otağa daxil olanda dövlət başçılarının demək olar ki, hamısı artıq ordaydılar. Mən də dəyirmi masada Azərbaycana ayrılmış kresloya əyləşdim. Yeltsin açılış nitqi etdi, iştirakçıları salamladı və gündəliyi təqdim etmək istəyəndə Özbəkistan prezidenti İslam Kərimov söz aldı və soruşdu ki, Azərbaycan hansı əsasla burda iştirak edir. Yeltsin ona cavab olaraq dedi ki, Azərbaycan müşahidəçi statusu ilə iştirak edir və yenə gündəliyə keçmək istərkən Kərimov bir daha söz aldı, dedi ki, MDB-nin rəsmi sənədlərində müşahidəçi statusu yoxdur və Azərbaycan buranı tərk etməlidir. Yeltsinə baxdım, gördüm ki, susur. Söz aldım və dedim ki, Azərbaycanın əvvəlki dövlət başçısı Mütəllibov MDB-nin yaranması və ölkəmizin MDB-yə daxil olması barədə sənədlərə imza atıb, amma Azərbaycan parlamentində bu məsələ ratifikasiya edilməyib. Azərbaycanda hakimiyyətə yeni qüvvələr gəlib. Yəqin ki, yaxın zamanlarda biz bunu müzakirə edib, müsbət, ya mənfi qərar qəbul edəcəyik və qeyri-müəyyənlik aradan qalxacaq".

İ.Qəmbər bildirib ki, Ukrayna prezidenti Kravçuk və Belarus prezidenti Şuşkeviç gərginliyi azaltmaq üçün söhbətə qatıldılar, qısa çıxışlarla ona dəstək olublar və Azərbaycana zaman tanınmasını məqsədəuyğun saydıqlarını bildiriblər: "Yeltsin bu çıxışlardan məmnun olub gündəliyə keçmək istəyəndə Kərimov yenə əsəbi halda bildirdi ki, nə vaxt Azərbaycan MDB Bəyannaməsini ratifikasiya edərsə, o zaman burda təmsil oluna bilər. Söz aldım və bildirdim ki, bizi bura dəvət ediblər gəlmişik, bizə dəstək və zaman verən dövlət başçılarına təşəkkür edirəm, amma əgər hamı belə düşünmürsə problem yoxdur və biz parlamentdə MDB sənədlərinin ratifikasiyasını müzakirə edərkən bütün bunları da nəzərə alacayıq.

Image result for İsa Qəmbər

Kreslodan qalxmaq hərəkətinə başladım və o anda Yeltsin nəhayət dedi ki, Azərbaycan nümayəndə heyətini o dəvət edib və Azərbaycanın müşahidəçi statusu ilə iştirakını hələlik mümkün sayır. Bundan sonra Kərimov bir söz demədi. Bilmirəm, bu yazdıqlarım Kərimovu türk dünyasının liderlərindən biri sayanlara kömək olacaq, yoxsa onu sorğu-suala tutan İnkir-Minkirin işinə yarayacaq. Amma hər halda tarix üçün bunları yazmaq istədim".

"Yeni Müsavat"a danışan ADP sədri Sərdar Cəlaloğlu da İ. Kərimovun diktator olduğunu bildirib: "Özündən sonra özbək xalqı və dövləti üçün çox ciddi zərbələr qoyub getdi. Azərbaycanla da münasibətləri yüksək səviyyədə olmayıb. Misal üçün, bir məqama diqqət edək ki, 20 ildir Azərbaycanda Özbəkistan səfirliyi üçün yer ayrılsa da bu, tikilməyib. Rusiya səfirliyinin yanındakı yer Özbəkistan səfirliyinindir. İndi nə dərəcədə əlaqələrdən danışmaq olar?"

Politoloq Şahin Cəfərli: "Məlumat əldə etməyin çox asanlaşdığı hazırkı bilgi çağında insanlarımız yenə dezinformasiyalara etibar edir və asanlıqla aldanır. Özbəkistanın Ermənistanla diplomatik əlaqəsi var, sadəcə, İrəvanda səfirliyi yoxdur. Ermənistan ümumilikdə 149 dövlətlə diplomatik əlaqə qurub, onlardan yalnız 30-a yaxını İrəvanda səfirlik açıb. Bu, o demək deyil ki, səfirlik açmayan ölkələrin hamısının Ermənistana münasibəti mənfidir və ya onlar bunu Azərbaycana görə ediblər (Azərbaycanda səfirliyi olmayan xeyli dövlət də var). Qarabağ məsələsi ilə əlaqədar Ermənistanla münasibət qurmayan, yaxud işğalçıya qarşı sanksiya xarakterli addım atan cəmi 3 dövlət var: Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə. Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanı tanımayıb, Türkiyə isə Ermənistanı tanısa da, işğal probleminə görə bu ölkədə səfirlik açmayıb və sərhədləri bağlayıb".

Image result for Şahin cəfərli

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Yeni Müsavat"a açıqlamasında vəzifədə işlədiyi dönəmlərdə Kərimovla bağlı şahidi olduğu iki hadisəni danışdı: "1994-cü ildə İstanbulda türk dövlətlərinin başçılarının zirvə toplantısı keçirilirdi. Orada mən də iştirak edirdim. Daha sonra zirvə toplantısı Türkmənistanda keçirildi və orada yenə də iştirakçı idim. Amma daha çox İstanbul toplantısı yaddaşıma həkk olunub. Çünki o toplantıda demək olar ki, müstəqilliyini əldə etmiş türk dövlətlərinin hamısının rəhbərləri iştirak edirdi. Gündəlik formalaşdırılarkən Süleyman Dəmirəl bildirdi ki, kimin təklifi var. Rəhmətlik Heydər Əliyev təklif etdi ki, ərazilərimizi işğal edən Ermənistanla münasibətləri və türk dövlətlərinin Dağlıq Qarabağ probleminin həlli istiqamətində bizə edəcəkləri köməyi müzakirə etsək çox yaxşı olardı. İclasda mən və Heydər Əliyevdən başqa Vəfa Quluzadə də iştirak edirdi. Təklifin ilk əleyhinə çıxan şəxs İslam Kərimov oldu. O bildirdi ki, biz buraya türk dövlətləri arasında iqtisadi əlaqələri yaxşılaşdırmaq üçün toplaşmışıq, buraya siyasi məsələləri, xüsusilə, dövlətlərarası münaqişələri müzakirə etməyi məqbul saymıram. Onun ardınca Türkmənistan rəhbəri İslam Kərimovun mövqeyini müdafiə etdi. O, Ermənistanla əlaqələrinin olduğunu söylədi. Müzakirələr olarsa, Ermənistanla münasibətlərinin korlana biləcəyini də vurğuladı. Dəmirəl əlavə etdi ki, canım, niyə bu ziyan gətirməlidir, biz eyni dilə, mədəniyyətə malik xalqlarıq, bunlardan birinin başına faciə gəlib, bu faciəni dəf etmək üçün əlimizdəki imkanlardan istifadə etsək, pis olar? Onun dediklərini tərcümə edəndə, Türkmənbaşı ona heç nə demədi. Amma İslam Kərimov söylədi ki, əgər gündəmə Dağlıq Qarabağ və Ermənistanla bağlı hər hansı bir məsələ daxil ediləcəksə, toplantını tərk edəcək. Üz gizgilərindən onu deyə bilərəm ki, çox əsəbi idi. Dəmirəl çox təcrübəli şəxs idi. Belə olan halda o razılaşdı və dedi ki, türk dövlətləri bir-birinin dərdlərinə şərik olmalıdır, istəmirsinizsə müzakirə etməyək, Heydər bəy də bizdən inciməz. Sonradan Aşqabad toplantısında da rəhmətlik bu məsələni yenidən qaldırmağa cəhd etdi. Orada da hər ikisi buna etiraz etdilər. Onlar belə əsaslandırdılar ki, biz hələ ki, ümumi türk bazarının formalaşdırılması istiqamətində çalışmalıyıq. Lazım gələrsə, gələcəkdə Qarabağ məsələsinə dair bəyanat verə biləcəklərini söylədilər. Bu məsələlər bununla bitdi. Sonradan mən işdən çıxdım. Amma mən bilən sonrakı sammitlərdə də bu məsələ gündəmə gəlməyib".

Image result for Qabil hüseynli

Politoloq İ.Kərimovun belə bir addım atacağına qəti şəkildə inanmadığını da qeyd etdi: "Qarabağ məsələsinə görə Özbəkistanın Ermənistanla diplomatik əlaqələri kəsdiyini Etibar Hüseynovun yazısından oxudum. Belə məlumatları açığı yeni eşidirəm. İki sammitdə Qarabağ müzakirəsini rədd edən, hətta sammiti tərk edəcəyi ilə hədələyən bir şəxsin sonradan belə addım atacağı inandırıcı görünmür. Buna heç yerdə də rast gəlməmişəm. Özbəkistan Ermənistanla birlikdə Kollektiv Müdafiə Təşkilatının təsisçiləri sırasına daxil idi. Avrasiya Birliyini də qeyd edə bilərik. İslam Kərimov gah Rusiya, gah da ABŞ meylli siyasət yürüdürdü. Xarici siyasətdə dəyişiklikləri sevən bir rəhbər idi. Türkiyə ilə münasibətləri pisləşən zaman Azərbaycanla da soyuqlaşdı. O, dövlət çevrilişinin başında Türkiyənin dayandığını iddia edirdi. Guya çevrilişdə iştirak edənlər Azərbaycandan qalxan təyyarə ilə Özbəkistana yola salınıb. Amma Azərbaycanın bu çevriliş cəhdi ilə əlaqəsi yox idi. Türkiyə də inkar etdi, onlarla heç bir əlaqələrinin olmadığını bildirdi. Əfqanıstandan olduqlarını qeyd etdilər. Təsadüfi deyil ki, məğlub olandan sonra həmin şəxslər Əfqanıstana qaçdılar. İslam Kərimovun Azərbaycana görə Ermənistanla əlaqələri kəsdiyinə və böyük bir türk həmrəyliyi göstərdiyinə inanmıram". (musavat)

Mediainfo.az