Ermənistan MTX güc tətbiq ediləcəyini istisna etməyib

Ermənistan MTX güc tətbiq ediləcəyini istisna etməyib

18 İyul 2016 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Yerevanda polis bölməsinin ələ keçirilməsi ilə bağlı vəziyyətin sülh yolu ilə həlli üçün vasitələr kifayət etməyə bilər".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında dərc edilən bəyanatda deyilir.

"Hüquq-mühafizə orqanları vəziyyətin sülh yolu ilə həlli üçün bütün mümkün və mövcud imkanlardan istifadə edir. Amma yaranmış vəziyyətdə bu da kifayət etməyə bilər. Buna görə də silahlı qruplaşmanın üzvlərini növbəti dəfə yeni qurbanlar və digər ağır nəticələrə səbəb olan cinayət əməllərindən çəkinməyə və silahlı müqaviməti dayandırmağa çağırırıq", - deyə Ermənistan MTX-nın müraciətində qeyd edilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları girovların həyatı və sağlamlığının təhlükə altında qaldığını bildirir. Belə ki, silahlı qurplaşmanın əlində böyük silah arsenalı var.

Qeyd edək ki, iyulun 18-nə keçən gecə uzun danışıqlardan və aparılan xüsusi tədbirlərdən sonra iki nəfəri - polis əməkdaşı və təcili tibbi yardım maşınının sürücüsünü girovluqdan azad etmək mümkün olub.

Buna baxmayaraq, silahlı qruplaşma qalan girovları azad etməkdən imtina edib. Onlar arasında Ermənistan polis rəisinin iki müavini - Vartan Yegiazaryan və Valeri Osipyan da var.

Xatırladaq ki, iyulun 17-də səhər saat 5-də bir neçə silahlı şəxs Ermənistan polisinin patrul-post alayının ərazisinə daxil olub və zor tətbiq etməklə oradakı insanları girovluqda saxlayır. Onlar həbsdə olan müxalifət lideri Jirayr Sefilyanın azad edilməsini və hökuməti buraxmağı tələb edib. Atışma nəticəsində bir polis əməkdaşı həlak olub.

Mediainfo.az