Rəsmi Bakı Sərkisyanın iddiasına cavab verdi

Rəsmi Bakı Sərkisyanın iddiasına cavab verdi

14 İyul 2016 08:59
Bəyəndim (0) Bəyənmədim (0)

Politoloq: "Ermənistan rəhbəri sərsəm bəyanatlar verir"; Hikmət Hacıyev: "Bu iki icma yenə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bir yerdə yaşamalıdır"

Aprel savaşındakı sarsıdıcı zərbədən sonra ölkə daxilində və beynəlxalq səviyyədə mövqeləri kəskin şəkildə zəifləyən Ermənistan prezidenti Serj Sərkisyan indi də növbəti avantüraya əl atmağa başlayıb. Belə ki, işğalçı ölkənin prezidenti Azərbaycan ərazilərinin zəbtinə son qoymamaq üçün yeni bəhanələr uydurmaqdadır.

"Bütün dünya belə Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa inandıra bilməz". Bu sözləri Ermənistan prezidenti Livanın "Əl-Mayadin" telekanalına müsahibəsində deyib. Musavat.con ermıni saytlarına istinadla bildirir ki, Sərkisyan Qarabağın statusunu - müstəqil dövlət olmasını və ya Ermənistana birləşməsini qəti olaraq "Qarabağ xalqı" müəyyən etməlidir. Sərkisyan deyib: "Mənim üçün hər şeydən mühümü Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təminatıdır. İnsanlar min illərlə yaşadıqları tarixi vətənlərində yaşamaq imkanına malik olmalıdırlar. Bu təhlükəsizliyi isə yalnız Azərbaycanın tərkibindən kənarda olduqda təmin etmək mümkündür. Əgər hansısa bədlikdən Dağlıq Qarabağ lap bircə günlüyə Azərbaycanın tərkibində olsa, orada bir erməni qalmayacaq. Hətta indi bütün dünya belə Dağlıq Qarabağ əhalisini Azərbaycanın tərkibində yaşamağa inandıra bilməz, mümkün deyil. İnsanlar razılaşmaz. Söhbət gücdən getmir. Güc tətbiq edərək qarabağlı erməniləri məhv etmək olar, amma Azərbaycanın tərkibində yaşamağa inandırmaq olmaz. Azərbaycan rəhbərliyi bunu anlamalıdır. Əsas məsələ budur: bu insanları heç bir şəkildə Azərbaycanın tərkibində saxlamaq mümkün deyil".

S.Sərkisyan erməni əhalisinin "min illərlə Dağlıq Qarabağda yaşadığını, ancaq sovetləşdirmə zamanı vilayətin zorla Azərbaycana birləşdirildiyini" iddia edib və ardınca növbəti absurd fikirlər səsləndirib:"Naxçıvanı da belə etdilər. Bu gün orda bir erməni belə qalmayıb. Orda erməni mədəniyyəti tamamilə məhv edilib". Sərkisyan deyib ki, Qarabağ münaqişəsinin tənzimlənməsini Cənubi Qafqazın kiçik bir region olmasına baxmayaraq, burada müxtəlif maraqların kəsişməsi daha da mürəkkəbləşdirir. Bu maraqlar münaqişəyə təsir göstərməyə bilməz: "Əminəm ki, danışıqlar prosesinə vahid yanaşma mümkün olsa, həll yolu tapılar. Ancaq dünya inkişaf edir. Elə bir regional problem yoxdur ki, digər ölkələr ona öz milli mənafeləri prizmasından baxmasınlar".

Politoloq Arzu Nağıyev Ermənistan prezidentinin iddialarını "özünüqoruma instinkti" kimi dəyərləndirdi:"Yəni baxmayaraq ki, beynəlxalq təşkilatlar, BMT, ATƏT və digər qurumlar hər gün münaqişənin həllinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu deyir və bundan sonra hər bir millətin öz müqəddəratını təyin etməsi istiqamətində həllinə çalışır, yenə də Ermənistan rəhbəri belə sərsəm bəyanatlar verir. Məlumdur ki, bu, ilk növbədə xaricdə yaşayan erməni lobbisinə, separatçıların maliyyə dəstəkçiləri olan qurumlara ünvanlanıb. Çünki yığılan vəsaitlərin ilk növbədə qondarma qurumun dövlət kimi dəstəklənəməsi üçün xərclənəcəyi deyilib və bu adla toplanıb. Bu gün isə artıq danışıqlar dalana dirənib və müvafiq qərarlar qəbul edilməlidir".

A.Nağiyev qeyd etdi ki, bunu bütün dünya, eyni zamanda Rusiya da tələb edir: "Odur ki, danışıqlar intensivləşib. Digər tərəfdən Sərkisyan özü də səhra komandirliyindən, Dağlıq Qarabağda törətdiyi cinayətlərin üzərindən hakimiyyəti zəbt edərək, qondarma quruma "müstəqillik" söz verən yalançıdır. Bu gün artıq həm də Qarabağ klanı qarşısında hesabat verməli olan Sərkisyan belə bəyanatlarla onları da sakitləşdirməyə çalışır. Bir sözlə, bu bəyanatlar dünya birliyini aldatmaq, status-kvonu saxlamaq və bununla da öz hakimiyyətinin ömrünü mümkün qədər uzatmaq istəyindən başqa bir şey deyil".

XİN-in mətbuat katibi Hikmət Hacıyev isə "Yeni Müsavat"a bildirdi ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin iki icması var: "Bunlar erməni və Azərbaycan icmalarıdır. Azərbaycan həmişə deyir ki, bu icmalar arasında təmaslar olmalıdır. Azərbaycan bu mövqeni həmişə dəstəkləyir. Çünki bu iki icma yenə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bir yerdə yaşamalıdır". H.Hacıyevin onu da bildirdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının öz torpağına geri qayıtmaq hüququndan heç kim məhrum edə bilməz: "Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağın azərbaycanlı icmasının da tam şəkildə öz ata-baba yurduna qayıtmaq hüququ var".

Qeyd edək ki, bir neçə gün öncə Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla görüşmüşdü. Bu görüşdə də icmanın rəhbərliyi erməni icması ilə görüşüb durumu müzakirə etməyə hazır olduğunu ATƏT sədrinin də diqqətinə çatdırıb. B.Səfərov "Yeni Müsavat"a deyib ki, Qarabağ ermənilərinin onlarla təmaslarına imkan verilmir...

Bu arada Sərksiyanın iddialarına Rusiyadan da maraqlı reaksiya verilib. "Dünya inandıra bilməsə, o zaman Azərbaycan tankları Qarabağ ermənilərini inandıracaq ki, Ermənistandan qovulmuş azərbaycanlılar öz yerlərinə qayıtsınlar".

(Axar.az) Bu sözləri Aleksandr Fomenkov Sərkisyanın "bütün dünya da yığışsa, Qarabağ ermənilərini azərbaycanlılarla çiyin-çiyinə yaşamağa məcbur edə bilməz" fikirlərinə münasibət bildirərkən deyib: "Əgər, ümumiyyətlə, İrəvan xanlığını itirmək istəmirsinizsə, bunu qəbul etməyə məcbursunuz. Əks halda sizi əsl müharibə gözləyir - böyük əksəriyyəti türklərdən ibarət olan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı, NATO və Türkiyənin iştirakı ilə. Ümid edirik ki, məsələ bu həddə gəlib çıxmayacaq. Serjik, səni Müəmmər Qəzzafinin aqibəti gözləyir. Əks halda səni, Putinin təbiri ilə desək, öz ermənilərin Kremlin ayaqyolusunda tapacaqlar. Ona görə yox ki, onlar səninlə razı deyillər, ona görə ki, beynəlxalq erməniçiliyin günahini kiminsə boynuna yükləmək lazımdır. Ardınca da, arxayın ol ki, Robik də gələcək (Robert Köçəryan).

E.PAŞASOY