İŞİD-in yeni marşrutunun Azərbaycandan keçəcəyi bildirilir

İŞİD-in yeni marşrutunun Azərbaycandan keçəcəyi bildirilir

11 İyul 2016 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə mətbuatının iddiasına görə Suriyada keçirilən əməliyyatlarda sıxışdırılan İŞİD yaraqlıları hədəfə aldıqları Türkiyə və Avropa ölkələrinə intiharçı terrorçuları Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərməyi planlaşdırır. Bu haqda Türkiyənin "Milliyyət" qəzeti yazır.

Xəbərdə deyilir ki, İŞİD-in son zamanlar Azərbaycan və ümumiyyətlə Şimali Qafqazdan olan yaraqlılarına Türkiyə və Azərbaycanda fəaliyyət göstərmək üçün tapşırıq verildiyi də ortaya çıxıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov AzadlıqRadiosuna açıqlamasında Azərbaycan sərhədlərinin yüksək səviyyədə qorunduğunu deyib: "Azərbaycanın hüquq-mühafizə orqanları ölkənin təhlükəsizliyini qorumaqdan ötrü ən yüksək səviyyədə hazırlığa malikdirlər. Heç kim elə murdar hərəkətlərini həyata keçirmək üçün Azərbaycandan istifadə edə bilməz".

Bununla belə, deputat terror təhlükəsindən heç kimin sığortalanmadığını bildirir və bundan qorunmağın bircə yolu olduğunu söyləyir: "Ayıq-sayıq olmaq. Hüquq-mühafizə orqanları da üzərilərinə düşəni edirlər".

Təhlükəsizlik və Araşdırma Mərkəzinin rəhbəri, xüsusi-xidmət orqanının keçmiş əməkdaşı İlham İsmayılın qənaətincə, türk mətbuatının yazdıqlarına, xüsusən də polislərlə bağlı xəbərdarlığa ciddi yanaşmaq, sayıqlığı artırmaq lazımdır: "Bizim xüsusi-xidmət orqanları daxildə əməliyyat şəraitinə nəzarət edirlər, amma xaric məsələsi bizim bəlalı yerimizdir, xaricdən informasiya almaq imkanlarımız yoxdur. Ən çox qonşu dövlətlərlə, xüsusən də İsraillə informasiya mübadiləsi edilməlidir. Son zamanlar kataklizmlər yaşayan Azərbaycanın xüsusi-xidmət orqanlarının birdən-birə bütün vəzifələrinin öhdəsindən gələcəyinə inanmıram. Düzdür, radikal dindarlar arasındakı vəziyyətə yaxşı-pis nəzarət edilir, ancaq nə dərəcədə yüksək şəkildə nəzarət edə bilir, bunu bilmirəm".

"Avropada terror törədənlər elə Avropadan çıxanlardır. Nümunə Parisdə, Belçikada törədilənlərdir, bu hadisələri edənlər Fransa, Belçika vətəndaşları idi. İŞİD Avropaya terrorçunu Azərbaycan üzərindən göndərməz. Ona lazım olsa, Şimali Qafqazda hazır nümayəndələr var, elə birbaşa Rusiyanın ərazisindən göndərər. Azərbaycana,ya da Gürcüstana girmək və oradan Avropaya getmək daha çətindir, asan yolu qoyub bu marşrutu seçmələri inandırıcı görünmür"-deyə ekspert əlavə edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov xəbəri dəqiqləşdirdikdən sonra məlumat verəcəyini bildirib.

Qeyd edək ki, İŞİD-ə qoşularaq Suriyada qanunsuz silahlı birləşmələrinin tərkibində döyüşməkdə ittiham olunan onlarla azərbaycanlının cinayət işi üzrə hazırda məhkəmə istintaqı keçirirlir. Onların bir qismi - radikal dindarlar ifadələrində Suriyaya cihad məqsədilə getdiklərini, şəriət qaydalarını hökm sürdüyü bir ölkədə yaşamaq istədiklərini bildirilər. Digər bir qismi isə, əksinə, törətdikləri əməldən peşman olduqlarını, bu səbəbdən də Suriyada qalmayıb Azərbaycana geri qayıtdıqlarını deyirlər…

İnarə Rafiqqızı