Mübariz Mənsimovun hədələrinə YAP-dan cavab gəldi

Mübariz Mənsimovun hədələrinə YAP-dan cavab gəldi

6 İyul 2016 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlərdə Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov medianın gündəminə gəlib. Yazılar onun müflis olması, İŞİD terror qruplaşması ilə əlaqələrinin olması barədədir. M.Mənsimovun adı İŞİD-lə neft biznesində hallanır.

"Mənsimovun vurulması" ətrafında iddialar sırasında məhz sabiq milli-təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələrinə görə müflisləşdirildiyi deyilir.

M.Mənsimovun barəsində yayılmış xəbərlərlə bağlı ANS-in Türkiyə bürosuna verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlər onu yenidən gündəmə gətirib. İş adamı dünyanı bürüyən krizis böhranının şirkətindən yan keçmədiyini təsdiqləyərək, ona və biznesinə qarşı bəzi azərbaycanlı məmurların "qara piar" kampaniyası apardıqlarını bildirib: " Gözəl bilirəm bunlar kimlərdi... Təəssüf ki, onlar çirkin oyunlar oynayır. Amma unutmasınlar ki, bu gün onlar əsassız sözlərlə məni ittiham edirlərsə, sabah mən əlimdə olan beynəlxalq media resurslarla onların çirkin işləri haqqında real sənəd və dəlilləri ortaya çıxara bilərəm. Sözsüz ki, mən belə çirkin oyunlar oynamıram, amma hər şeyin də bir həddi var. Mənim 4 uşağım var və bu gün qızım məndən qara piarda yazılanlar haqqında soruşanda mən məyus oluram, bilmirəm nə cavab verim. Belə vicdansızlıq olmaz".

İŞİD-lə əlaqələrinin olması barədə yayılan xəbərlərə də münasibət bildirən M. Mənsimov bunların cəfəngiyyat olduğunu qeyd edib.

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə "Palmali" rəhbərinin azərbaycanlı məmurlar barədə dediklərinə belə aydınlıq gətirib: "Mübariz Mənsimov Azərbaycanın xaricdə tanınan nüfuzlu iş adamlarından biridir. Həm biznes fəaliyyəti, həm də ölkəmizin xaricdə təmsilçiliyi baxımından gördüyü işlərin əhəmiyyəti böyükdür. Onun vaxtaşırı vətənpərvər çıxışlarının, addımlarının şahidi oluruq. Onun bir qədər emosional açıqlamasını şəxsi saxlayıram. Hesab edirəm ki, o, öz məsələlərini şəxsi həll etmək və dostları ilə yenidən dost olmaq bacarığındadır. Müəyyən bir müddətdən sonra onun heç bir probleminin olmaması ilə bağlı yəqin ki, açıqlamasını eşidəcəyik. Biz ona uğurlar arzulayırıq. Onun fəaliyyəti Azərbaycan xalqının potensialını göstərir. Ölkəmizə verdiyi töhfələr kifayət qədərdir. Dünya mediasını bu işə cəlb etməklə bağlı fikirlərinə gəlincə, eləcə də, bu medialar vasitəsilə Azərbaycanın təbliği istiqamətində geniş imkanlarının olduğunu nəzərə alaraq, bildirirəm ki, qoy sizin bu yazı ona bir çağırış olsun. Sonuncu bəyanatını emosional olması ilə əlaqələndirirəm. Ona yönəlik İŞİD-lə bağlı ittihamlar çox ciddi ittihamlardır. Belə ittihamları harada gəldi, necə gəldi səsləndirmək düzgün deyil. Əgər səsləndirilirsə, mütləq əsaslandırılmalıdır. İŞİD bu gün dünyanın təhlükəsidir. Bəşəriyyət bundan əziyyət çəkir. İŞİD-ə dəstək vermək qeyri-insanlığa dəstək vermək deməkdir. Bu qədər müsbət işlər görən bir insanın İŞİD-lə əlaqələrinin olması inandırıcı görünmür. Amma istənilən halda, Mübariz Mənsimov nüfuzlu şəxsdir. Bu baxımdan o, öz adını qorumaq iqtidarında olan şəxsdir".

"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev iş adamının hədəf seçildiyi ilə bağlı iddialarına belə münasibət bildirib: "Türkiyə və Rusiya böhran vəziyyətdədirlər. Əlbəttə, bu baxımdan Mənsimovun biznesi də böhran yaşaya bilər. Bu birbaşa ona aid ola bilməz. Kimsə onun haqqında nəsə yaza bilər. Bunların içərisində onun rəqiblərinin də olması mümkündür. Bir-birinə bağlı məsələlərdir. Amma bunları kiminsə etməsini əminliklə söyləmək çətindir. Eldar Mahmudovun çox adamla yaxın əlaqələrinin olması barədə xəbərlər var. Onunla əlaqəsinin olması adı altında hakimiyyət Mənsimovun nəyini vursun? Onsuz da onun biznesinin əsas hissəsi Bakıda deyil. Rusiya, Türkiyə kimi dövlətlərdədir".

Mediainfo.az