Ştaynmayer: “ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar zəif gedir”

Ştaynmayer: “ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar zəif gedir”

1 İyul 2016 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

"25 il bundan - aprelin 9-da Gürcüstanın müstəqilliyi barədə Akt qəbul olunub, ATƏT PA da 25 il əvvəl yaranıb. Biz əkizlər kimi yubileylərimizi qeyd edirik".

Apa-nın Gürcüstan müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri David Usupaşvili ATƏT Parlament Assambleyasının Tbilisidə 25-ci sessiyasının açılışında deyib.

Spiker ötən 25 ilin Gürcüstan üçün asan olmadığını bildirib.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili çıxışında demokratik prinsiplərin dərinləşdirilməsinə cəhd etdiklərini söyləyib.

Baş nazir Georgi Kvirikaşvili isə əvvəlcə İstanbulun Atatürk hava limanında baş verən terrora toxunaraq qeyd edib ki, bəşəriyyət terrorizmlə mübarizə aparmalıdır: "Gürcüstan dünyada sülh istəyir. Biz Avropaya inteqrasiyaya cəhd edirik. Bu, bizim ən böyük təhlükəsizlik yolumuzdur. Bunu bizim vətəndaşlarımız da dəstəkləyir. Avropaya inteqrasiya o deməkdir ki, Gürcüstan sivil ölkələrlə birlikdə çalışacaq".

ATƏT PA-nın prezidenti İlkka Kanerva da terroru pisləyərək bəyan edib ki, terrora qarşı mübarizə üçün strateji plan hazırlanmalıdır.
Sonra çıxış edən Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsi zonasında son hərbi eskalasiya da daxil olmaqla, Ukraynadakı münaqişə, Gürcüstanda həlli uzanan münaqişələr barədə danışıb. O, Minsk Qrupu çərçivəsində danışıqların zəif getdiyini söyləyib: "Biz irəli getməliyik. Danışıqları səbr və ağıl ilə aparmalıyıq".

Tədbirə AŞPA-nın prezidenti Pedro Aqramunt, Monteneqro, Bosniya və Herseqovina parlamentlərinin sədrləri, ekspertlər, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri qatılıb.
Azərbaycanı MM sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Mediainfo.az