İŞİD-in Türkiyə ilə bağlı terror planı açıqlandı

İŞİD-in Türkiyə ilə bağlı terror planı açıqlandı

30 İyun 2016 16:26
231
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbuldakı Atatürk hava limanında "İraq və Şam İslam Dövləti" terror təşkilatının törətdiyi, 42 nəfərin ölümünə, 239 nəfərin yaralanmasına səbəb olmuş terror aktı ilə bağlı yeni təfərrüatlar bəlli olub.

Məlumata görə, Rusiya, Özbəkistan və Qırğızıstan vətəndaşları olan 3 "canlı bomba"nın əsas məqsədi hava limanında partlayış törətmək deyilmiş. Onların əvvəlcədən hazırlanmış təfərrüatlı planları vardı.

İŞİD İstanbulda terakt törətmək üçün Suriyanın Rəqqa şəhərindən İstanbula 3 dəstə yollayıb.

İstanbul polisi bu barədə iki həftə əvvəl operativ məlumatlar əldə edib. Rəqqadan göndərilmiş Rusiya vətəndaşları, çeçenlər Bekham Alim H. və Zelimhan H., habelə Türkiyə vətəndaşı Fuat G. Pendik və Başakşehir şəhərlərində keçirilmiş xüsusi əməliyyatlar zamanı, iyunun 18-də tutulublar. Onlar İŞİD-in yolladığı "Birinci dəstə" idilər. Terrorçuların qaldıqları mənzildə "canlı bomba" qurşağı, avtomatlar və tapançalar, partladıcı maddələr tapılıb. Bu dəstə İstanbulda keçirilən LGBT mitinqi əsnasında Taksim meydanında partlayış törətməli idi.

Ertəsi gün Mersin şəhərində İŞİD-inİstanbulda teraktlar keçirmək üçün yolladığı "İkinci dəstə" zərərsizləşdirilib. Özlərini yol təmirində çalışan iki fəhlə kimi qələmə verən İŞİD terrorçuları Tartus istiqamətindən İstanbula girmişdilər. Mersindəki əməliyyat zamanı İŞİD üzvü olan 2 İraq vətəndaşı tutuldu. Onlar "canlı bomba"lardılar. Daha sonra Sancaktepedə 6 nəfər tutulub.

"Üçüncü dəstə"dəki 3 nəfər isə İstanbuldakı Atatürk hava limanına yollanıb, beynəlxalq uçuşlar terminalına üz tutub. Dəstənin daha iki üzvü isə limanın ərazisindəki avtomobil dayanacığına gedib. Dayanacaqdakı terrorçulardan birini polis saxlamağa çalışanda o, özünü partladıb.

"Üçüncü dəstə"dəki terrorçuların məqsədi beynəlxalq uçuşlar terminalının D və C bölümlərindəki sərnişinləri atışma və partlayışlarla məhv etmək olub.

Mediainfo.az