Aqramunt və Yaqland Britaniyada keçirilmiş referenduma münasibət bildiriblər

Aqramunt və Yaqland Britaniyada keçirilmiş referenduma münasibət bildiriblər

24 İyun 2016 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son plenar iclasında çıxış edən qurumun sədri Pedro Aqramunt Birləşmiş Krallıqda keçirilmiş referendumun nəticələrinə münasibət bildirib.

Apa-nın Avropa bürosunun xəbərinə görə, P. Aqramunt bunu Avropa idealının itirilməsi adlandırıb: "Bu səsvermə yalnız Birləşmiş Krallıqda yaşayan insanlara deyil, bütün Avropa xalqlarına təsir edəcək. Bu, yalnız Avropa Birliyinə deyil, bütün beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurası və onun Parlament Assambleyasına toxunacaq. Bu gün Avropa bayrağı endi, amma bəzən bir addım irəli getməzdən əvvəl bir addım geriyə addım atmaq lazım gəlir".

Avropa Şurasının baş katibi Tyorbörn Yaqland isə referendumun nəticələrinə riayət etməyə çağırıb və bunu demokratik bir qərar adlandırıb: "İndi ən əsas məsələ odur ki, Birləşmiş Krallıq və Avropa sakinlərinin bundan ən məqbul şəkildə mənfəət götürə bilmələri üçün Avropa İttifaqı öz ənənəsinə tam uyğun bir şəkildə Birləşmiş Krallıq hökuməti ilə işləsin. Hər kəs indi Avropa millətlərini birləşdirən amilə diqqət etməlidir, bu da demokratiya, insan hüquqları və hüququn aliliyi prinsipləridir".

Mediainfo.az