ABŞ prezidentliyi uğrunda mübarizə qızışır

ABŞ prezidentliyi uğrunda mübarizə qızışır

3 İyun 2016 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Tramp və Klinton bir-birlərinə qarşı ağır ifadələrdən belə çəkinmirlər.

ABŞ prezidentliyinə namizəd Hillari Klinton (Hillary Clinton) San-Dieqo şəhərində öz tərəfdarları qarşısında çıxış edərkən "Donald Trampı seçmək böyük bir tarixi xəta olar", - deyə söyləyib.

Xanım Klinton Trampın xaarici siyasətdə təcrübəsinin olmadığını deyib və əlavə edib ki, onun siyasəti beynəlxalq nüvə böhranına, daxildə isə iqtisadi təlatümlərə gətirib çıxaracaq.

"Tramp deyir ki, onun xarici siyasət təcrübəsi böyükdür. Bu adamın olsa-olsa "Miss dünya" yarışmasını təşkil etməkdə təcrübəsi ola bilər", - deyə o bildirib.

Klinton Trampı fırıldaqçı adlandırmaqdan da çəkinməyib və onu əmlak kralı kimi kasıb amerikalıların etibarından sui-istifadə etməkdə günahlandırıb.

Hillari Klinton Trampı bir çox beynəlxalq nüfuzlu şəxsləri, o cümlədən Roma papasını təhqir etdiyini bildirib və bunun ABŞ üçün böyük problemlərə səbəb olacağını söyləyib.

Donald Tramp Demokrat partiyasındakı rəqibini cavabsız qoymayıb və San-Xose şəhərində tərəfdarlar qarşısında onu yalançı və saxtakar adlandırıb.

Qeyd edək ki, Donald Trampa Respublikaçılar partiyasından dəstəklər gəlməyə davam edir.

Belə ki, artıq ABŞ Nümayəndələr Palatasının spikeri Pol Rayan da seçkilərdə Donald Trampı dəstəkləyəcəyini açıqlayıb. Bundan əvvəl o Rend Pol (Rand Paul), Tim Skot (Tim Scott), Kelli Ayot (Kelly Ayotte), Ron Conson (Ron Johnson), Qreq Abott (Greg Abott), Nikki Heyli (Nikki Haley), Brayan Sandoval (Brian Sandoval) və s.kimi nüfuzlu respublikaçı senator və qubernatorların dəstəyini qazanıb. (musavat)

Mediainfo.az