Elmar Məmmədyarovri NATO baş katibi ilə görüşüb

Elmar Məmmədyarovri NATO baş katibi ilə görüşüb

1 İyun 2016 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində NATO baş katibi Yens Stoltenberqlə görüşüb.

XİN-in mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, görüşdə Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Azərbaycanın NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı, Planlaşdırma və Təhlil Prosesi və Əməliyyat İmkanları Konsepsiyası proqramlarında fəal iştirakı təqdir olunub, habelə ölkəmizin Əfqanıstanda NATO qüvvələri üçün tranzit imkanlar təqdim etməsi, eləcə də sülh və təhlükəsizliyin təmin olunması məqsədilə həyata keçirilən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) və Qətiyyətli Dəstək missiyalarına verdiyi töhfələri xüsusilə qeyd edilib.

Azərbaycanın Əfqanıstanla münasibətlərinin ikitərəfli əsasda da yüksək səviyyədə inkişaf etdiyi bildirilib və Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın bu yaxınlarda ölkəmizə səfərinin buna bariz nümunə olduğu vurğulanıb. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsinin Əfqanıstanın regional nəqliyyat infrastrukturuna çıxış imkanlarını artıracağı vurğulanıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu qeyd olunaraq, TANAP və TAP qaz kəməri layihələrinin uğurla icra edildiyi söylənilib.

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında ətraflı məlumat verərək, Vyana görüşünün substantiv danışıqlara başlamaq üçün əlverişli imkanlar yaratdığını vurğulayıb. ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud "status-kvo"nu etibarsız, davamsız və qəbuledilməz hesab etdiyini deyən nazir "status-kvo"nun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin, Azərbaycan-NATO münasibətlərinin gələcək perspektivləri, beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mediainfo.az