İlham Əliyev İran XİN başçısını qəbul edib

İlham Əliyev İran XİN başçısını qəbul edib

7 Aprel 2016 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev aprelin 7-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

APA-nın xəbərinə görə, İran, Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında ilk görüşün Bakıda keçirilməsinin önəmini qeyd edən dövlət başçısı üçtərəfli görüşün regional əməkdaşlığımızın tarixində yeni səhifə açacağına, bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Məhəmməd Cavad Zərifin ölkəmizə səfəri zamanı Azərbaycan ilə İran arasında siyasi, iqtisadi, təhlükəsizlik, enerji, nəqliyyat, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçiriləcəyinə toxunan prezident İlham Əliyev hər iki tərəfin bu sahələrdə fikirlərinin üst-üstə düşdüyünü vurğuladı, səfərin ikitərəfli əlaqələrimizi əhatə edən bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı fürsət yaratdığını bildirib.

İrana son səfəri çərçivəsində bir sıra məsələlərlə bağlı razılıq əldə olunduğunu, çoxlu sayda sənədin imzalandığını qeyd edən prezident İlham Əliyev bunun ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanlar yaratdığını vurğulayıb. Prezident İlham Əliyev hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyini qeyd edib.

Məhəmməd Cavad Zərif Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, İran və Rusiya prezidentlərinin razılığı əsasında həyata keçirilən üçtərəfli əməkdaşlıq formatının önəmini qeyd edib. Azərbaycan və Rusiyadan olan həmkarları ilə əməkdaşlığın müxtəlif sahələri ətrafında müzakirələrə artıq başladıqlarını bildirən nazir ölkələrimiz arasında tranzit, gömrük məsələləri, ekstremizmə qarşı mübarizə, həmçinin turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb. Məhəmməd Cavad Zərif qeyd edib ki, bu üçtərəfli format İranın həm Azərbaycan, həm də Rusiya ilə ikitərəfli münasibətlərinin genişləndirilməsi, həmçinin ölkələr arasında üçtərəfli əməkdaşlığın inkişafı üçün tarixi fürsət yaradır.

Mediainfo.az