Almaniyalı deputat: “Günahsız insan ölümlərinin qarşısını almaq üçün beynəlxalq hüquq tətbiq edilməlidir”

Almaniyalı deputat: “Günahsız insan ölümlərinin qarşısını almaq üçün beynəlxalq hüquq tətbiq edilməlidir”

7 Aprel 2016 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya parlamentinin deputatı, Almaniya-Cənubi Qafqaz parlament işçi qrupunun rəhbəri Karin Ştrenz, millət vəkili və qrupun həmsədri Yohannes Kahrs Daqlıq Qarabağ regionunda yaranmış silahlı toqquşmalarla bağlı açıqlama veriblər.

Avropa Azərbaycan Cəmiyyətindən Apa -ya verilən məlumata görə, açıqlamada bildirilir ki, hadisələrin hərbi qarşıdurma müstəvisində inkişafı qısa tezliklə bitməlidir: "Bu münaqişənin səbəb olduğu hər bir silahlı atışmaya, hər bir yaralanmaya və insan ölümünə yol verilməməlidir".

Almaniya Federativ Respublikası bu il Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edir. Deputatlar ATƏT və ona aid Minsk qrupu çərçivəsində lüzumsuz insan ölümlərinin qarşısını almaq üçün danışıqların davam etdirilməsini tələb edirlər. Almaniya Federativ Respublikası bu il münaqişə regionunda dramatik vəziyyətin yumşaldılması və aradan qaldırılması üçün öz məqsədyönlü tövhəsini vermək üçün böyük şansa malikdir. Baş vermiş son dağıdıcı döyüşlər bunun mütləq lazım olduğunu göstərib.

BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələr (822, 853, 874 və 884 saylı) beynəlxalq hüquq normalarının pozulmasının başa çatdırlmalı olduğunu əks etdirir.

K. Ştrenz bildirib ki, hazırkı vəziyyət beynəlxalq hüququn tələblərinə uyğun deyil və bu, kəskin şəkildə pislənir: "Parlament işçi qrupu Cənubi Qafqaz regionunda zorakılığın bitirilməsi üçün bu qətnamələrin icrasını dəstəkləyir. Danışıqlar masasına qayıtmaq üçün tam atəşkəsin təmin edilməsi lazımi şərtdir. Azərbaycan tərəfinin atəşi birtərəfli qaydada dayandırması bəyanatını müsbət qiymətləndirir və ümid edirik ki, bu, mövcud vəziyyətdə gərginliyin azaldılmasına gətirəcəkdir. Atəşkəs rejiminə hər iki tərəfdən ciddi əməl edilməlidir".

Y. Kahrs isə bildirib ki, əsas məqsəd atəşkəs bərpa edildikdən sonra bu "dondurulmuş münaqişə" öz dayanıqlı həllini tapsın, Almaniya Xarici İşlər Nazirliyi və xarici işlər naziri Frank-Valter Staynmayer bunun üçün lazımi təşəbbüsü öz üzərinə götürsün.

Qeyd olunur ki, Almaniya parlamentində Almaniya-Cənubi Qafqaz parlament işçi qrupu dayanıqlı sülh danışıqları üçün həm münaqişə tərəflərinin nümayəndələri ilə, həm də beynəlxalq vasitəçilərlə danışıqların davam etdirilməsinin tərəfdarıdır. Müvafiq parlamentlərlə əməkdaşlığın davam etdirilməsi ilə yanaşı Dağlıq Qarabağdakı vəziyyət parlament işçi qrupu üçün əsas mövzudur.

"Biz sülh münasibətlərinin formalaşması prosesinin sürətləndirilməsi üçün öz səylərimizi göstəririk. Bu müstəsna çətinlikləri əhatə edir. Qəbuledilməz vəziyyətin aradan qaldırılması üçün yolların tapılması ATƏT-ə sədrliyimiz dövründə bizim mənəvi borcumuzdur", - deyə açıqlamada vurğulanır.

Mediainfo.az