"Panama Papers" araşdırmalarını davam etdirir

"Panama Papers" araşdırmalarını davam etdirir

5 Aprel 2016 10:11
Bəyəndim (0) Bəyənmədim (0)
Sənədlərdə daha kimlərin adı var?

Açıqlanan məxfi sənədlər böyük rezonans doğurub

Aprelin 3-də müasir jurnalistika tarixində konfidensial informasiyaların "Panama sənədləri" adlandırılan ən iri sızması baş verib. Belə ki, yüzlərlə beynəlxalq jurnalist və KİV eyni vaxtda böyük offşor hesablarının sahibləri haqda ifşaedici materialları "Panama sənədləri" ("Panama Papers") adı altında dərc edib.

Onların arasında dünyaca məşhur çoxsaylı simalar, 12 keçmiş və indiki dövlət başçısı, sənətçilər, yüksək çinli məmurlar, mafiya liderləri də var.

Mərkəzi Panama Respublikasında yerləşən "Mossak Fonseka" hüquq firması - araşdırma təşkilatı (OCCRP - İSİJ) adından yayılan sənədlərin 2.6 terabayt həcmində və 11.5 milyon fayldan ibarət olduğu deyilir. İddialara görə, həmin sənədlər təxminən 40 illik müddəti (1977-2015) əhatə edir və 214 min şirkət (hüquqi şəxs) və 14 min fiziki şəxs (müştəri) haqqında gizli məlumatı özündə ehtiva edir.

Qeyd edək ki, qısa zamanda məşhurlaşan "Panama Papers"in bütün araşdırmaları artıq milyonlarla insanın diqqətini cəlb edib. İnternetə sızan məlumatlarda İslandiya və Pakistanın baş nazirləri, Rusiya və Ukrayna prezidenti, bəzi nazirlər və Səudiyyə Ərəbistanı kralının da adı var.

Arxiv sənədləri əsasında aparılan tədqiqatların əsas mövzusu siyasətçilər və onlara bağlı şəxslərin gizli mülkiyyətidir. Sənədlər "Süddeutsche Zeitunq" alman qəzeti tərəfindən əldə edilib və Vaşinqtonda mənzillənən Beynəlxalq Jurnalist Tədqiqatları Konsorsiumunun köməyi ilə dünyadakı 107 media qurumuna paylanaraq bütün dünyaya yayılıb.

BBC-nin məlumatlarına görə, bir sıra müstəqil və etibarlı ekspertlər tərəfindən obyektiv və qərəzsiz şəkildə təhlil edilən ilkin sənədlər böyük ictimai maraq kəsb edir.

***

OCCRP ötən gün Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr Poroşenko, digər siyasətçilər, habelə futbolçu Messi, FİFA haqqında qalmaqallı sənədlər yayımlayıb. Təşkilat tanınmış simaların vergidən yayınmaq üçün istifadə etdiyi bank hesablarını və bir sıra digər hüquqi sənədləri ictimailəşdirib.

Panama sənədlərində daha 4 hazırkı dövlət başçısının adı çəkilir: Argentina prezidenti Maurisio Makri, Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri xəlifə ibn-Zeyd əl-Nahayyanu, İslandiyanın baş naziri David Gyünnleyqson Siqmündüra, Səudiyyə Ərəbistanının kralı Salman ibn-Abdul-Əziz əl-Saud.

Bundan əlavə, sənədlərə əsasən, Böyük Britaniyanın Lordlar Palatasının 6 və parlamentin 3 sabiq konservativ üzvü, həmçinin keçmiş baş nazir Devid Kemeronun atası İen Kemero offşorlarda sərvətlərə malik olub.

***

Konkret olaraq, Rusiya prezidenti Vladimir Putinin ofşor zonalara yatırdığı 2 milyard dollarlıq aktivləri üzə çıxıb. Düzdür, "Panama sənədləri"ndə birbaşa onun adı çəkilmir. Ancaq araşdırmalar zamanı Putinin yaxın dostları - violonçelçi Serqey Rolduqinin və Arkadi və Boris Rottenberq qardaşlarının iki milyarddan çox gəliri üzə çıxıb. Sızdırılan məlumatlara əsasən, Vladimir Putinin offşorlardakı biznesi Panama, Rusiya, İsveçrə və Kipr dövlətlərini əhatə edir.

rolduqin

Məlumat üçün bildirək ki, musiqiçi Rolduqin 1970-ci illərdən Putinin dostu və onun qızı Mariyanın "Xaç atası"dır. Onun milyardlarla dollar dövriyyəsi olan offşor şirkətlərinin sahibi olduğu deyilir. Bu şirkətlər Rusiya banklarından təminat olmadan irihəcmli kreditlər götürüb və böyük sövdələşmələr həyata keçirib. O da bildirilir ki, həmin şirkətlər "KamAZ"a nəzarəti də ələ keçirib. Bu şirkətlərin maliyyə mənbəyi kimi şübhəli anlaşmalar, rusiyalı milyarderlərin ödənişləri, habelə Rusiyanın nəzarətində olan Kipr Bankının "sadələşdirilmiş" istiqrazları göstərilir.

Maraqlıdır ki, sənədlərin dərcinə bir həftə qalmış Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, guya Qərb KİV-ləri Putin və onun ətrafına qarşı informasiya hücumuna hazırlaşır. Bəzi rusiyalı deputatlar isə materiallara belə şərh verirlər ki, "Qərb Rusiyada qarışıqlıq yaratmaq və onun dünyadakı mövqeyini zəiflətmək" istəyir. Hakim "Vahid Rusiya" partiyasında isə məsələni qarşıdakı parlament seçkiləri ilə əlaqələndiriblər.

***

Bu arada "Mossak Fonseka"nın rəhbəri Roman Fonseka bildirib ki, firmanın təsis elədiyi şirkətlərin hərəkətlərinə görə firma məsuliyyət daşımır. Onun sözlərinə görə, "Mossak Fonseka" hər hansı qanunazidd əməliyyatda iştirak eləməyib. Eyni zamanda o, onu da bildirib ki, sənədlərin dərci cinayətdir. Çünki onun fikrincə, "istər şah olsun, istər kasıb - məxfilik istənilən insanın təməl hüququdur".

Panama hökuməti də "Mossak Fonseka"nın arxivlərinin dərcindən sonra açıla biləcək işlərlə bağlı əməkdaşlığa hazır olduğunu bəyan edib.

Öz növbəsində ABŞ xüsusi xidmətinin sabiq əməkdaşı, Rusiyanın sığınacaq verdiyi Edvard Snouden "Panama sənədləri"nin araşdırılmasını jurnalistika tarixində ən böyük sızma adlandırıb. Onun sözlərinə görə, KİV-lərin əlinə keçən bu informasiyalar sözün həqiqi mənasında "klaviaturaları əridəcək". Bu barədə o, özünün twitter səhifəsində yazıb.