Ağdam sakinləri: “Biz niyə qorxaq ki, ermənilər qorxsun”

Ağdam sakinləri: “Biz niyə qorxaq ki, ermənilər qorxsun”

4 Aprel 2016 14:40
793
Son vaxtlar bu xalqı bu qədər bir, bütöv, vahid görməmişdim

Son vaxtlar bu xalqı bu qədər bir, bötüv, vahid görməmişdim

Ölkə.Az-ın reportyor qrupu cəbhə bölgələrindən reportaj hazırlayıb. Mediainfo.az həmin reportajı qısa ixtisarla təqdim edir.

Quzanlı qəsəbəsindən sonra Ağdamın Alıbəyli-2 qəsəbəsində olduq. Qəsəbədə hər kəsin evində-eşiyində olduğunu görürük. Qəsəbənin mərkəzində yerləşən nisbətən hündürdə olan məktəbin yanına yığışan qəsəbə sakinləri olan-bitənləri müzakirə edir, topların haradan-haraya atıldğından, düşdüyündən danışırdılar. Alıbəyli-2 qəsəbəsində olarkən xəbər gəldi ki, 10 km qarşıda olan Səfərli qəsəbəsina top mərmisi düşüb. Dərhal Səfərli qəsəbəsinə yola düşürük.

"Ordumuza inanırıq"

Səfərli qəsəbəsinə çatırıq. Qəsəbənin mərkəz hissəsində xeyli kənd sakini yığışıb söhbət edir. Salamlaşırıq. Qorxu varmı, deyə soruşuruq. Sualımızı böyük əksəriyyət gülərək cavablayır. Bu gülümsəmədən hər şey aydın olur...

Ağdam rayon Yusifcanlı kənd sakini və kəndin axundu Hacı Məhəmməd Məmmədov cəbhdəki vəziyyət bağlı suallarımızı cavablandırır:

- Yaşadığınız Səfərli qəsəbəsinin yaxınlığına top mərmiləri düşüb, qorxu varmı?

- Vallah, qorxan adam görmədim. Ailəmlə birlikdə qəsəbədəyəm, heç yerə də getməyəcəm. O ermənilər də bilsin ki, biz irəli getməyi düşünürük, buraya gəlmişik, buradan hara gedəcəyik? Açığı bu atışmalardan çox ümidliyik. Ümidli olmaqla yanaşı qulağımıza bizimkilərin irəliləməsi barədə yaxşı xəbərlərdə gəlir. O qəhrəman əsgərlərimizə hər gün dualar edirəm.

4 il Qarabağda döyüşmüş Ağdam rayon Yusifcanlı kənd sakini, Səfərli qəsəbəsində yaşayan Sevindik Məmmədov bildirir ki, insanlarda ruh yüksəkliyi var:

"Hamı ürəklidir. Ordumuz o zamankı yeni yaranmaqda olan ordu deyil. Keçmiş döyüşçü kimi hər zaman ordumuzla maraqlanırıq və tam arxayınıq. Səfərbərlik olsun, 4 il Qarabağda döyüşmüşəm, fikirləşmədən yenidən orduya yazılmağa, döyüşməyə hazıram".

Səfərli qəsəbəsində məhəllələri gəzirik. Bəzi məhəllələrdə uşaqların küçədə oynadığını belə görürük - bizim uşaqlıq vaxtının oyunu olan avtomat-avtomat oynayırlar.

Qəsəbənin ağsaqqallarında olan Rüstəmov Zakir dövlətə hədsiz güvəndiklərini qeyd edir:

"Dövlətimizə, ordumuza hədsiz güvənirik. Ona görə də, evimizi, yurdumuzu tərk etmək fikrimiz yoxdur. Əsgərlərimiz nə istəsə onlara da köməyə hazırıq. Kim deyir, cəbhədəki kəndlər boşaldılıb? Onda bu qədər heyvanları kim otarır, onları kim yemləyir, sahələrə baxın camaat soğan alağındadır, soğan alağını edənlər yadplanetlilərdir? Elə xəbər yayanları gətirib soğan sahəsənə buraxasan, alaq eləyə, görək ondan sonra elə danışmağa dili çıxır?"

Səfərli qəsəbəsindən çıxıb Baharlı qəsəbəsinə yola düşürük. Səfərli qəsəbəsi ilə Baharlı qəsəbəsinin arası təqribən 3 km-dir. Hava qaraldığı üçün maşınlar hərəkət etmir ki, işığı görüb ermənilər atar. Ona görə də, yolu piyada gedəsi oluruq. Göz oxşayan yaşıllıq, təmiz hava, mənzrəni korlayan isə top mərmilərinin səsidir. İki qəsəbə arasında fermalar var. Fermaları keçiririk, bir qədər irəli qarşımızı iki nəfər qarşımızı kəsir. Salamsız, kəlamsız, kimsiniz? Burada nə gəzirsiniz? Hara gedirsiniz? Bir xeyli sual cavabdan sonra bildirdilər ki, bir neçə gün öncə bir erməni kəşfiyatçısı biz tərəfə keçmişdi, ondan sonra hər buralardan tanımadığımız adam keçəndə danışdırırıq. Bizdən olduğuna inanmasaq salacağıq ağacın altına.

Baharı çox böyük qəsəbədir. Qəsəbənin ayağından başına kimi gəzirik. Hər məhlə başında bir topa adam durub söhbət edir. Camaatla salamlaşıb, niyə durduqlarını soruşuruq, cavabında deyirlər ki, birazdan top atəşi başlayacaq ona baxacağıq görək bizimkilər haranı vuracaq, ermənilər hansı istiqamətə atacaq.

Cəbhə xəttinə yaxın, Baharlı qəsəbəsi ilə Çəmənli kəndinin arasında da xeyli kənd sakini yığışıb söhbət edir. Salamlaşıb, söhbətə qoşuluruq. Deyirik, toplar bu qədər yaxına düşür qorxu yoxdurmu? Rəsul adlı şəxs deyir, nə qorxmağı, avtomat səsindən bezmişdik, top səsi maraqlıdır...

Ara sakitləşəndən sonra Ağdamın Çəmənli və Çıraqlı kəndlərinə gedirik. Kənddə sakitlikdir. Kənd sakini İlham deyir ki, bütün kənd cavanları ali baç komandanın əmrini gözləyir. Qorxmuruq, 23 ildir avtomat gülləsi altında yaşayırıq, bir müddət də top mərmisi altında yaşayırıq. Biz güclüyük indi, biz niyə qorxaq ki, erməni qorxsun!

Çıraqlı kəndində tam sakitlikdir. Camaat evlərin işğını söndürüb ki, ermənilər işığa atəş açmasın, heç kim evini tərk etməyib.

Səhərə qədər bu əraziləri gəzirik, səhər isə heç nə olmamış kimi, insanlar heyvanlarını sahələrə açır, su suvaran sahəsinə, soğan sahəsi olanlar soğan alağına, taksilər də həmişəki yerində durub, müştəri gözləyir...

Mediainfo.az