XİN: Rus jurnalistlər “qara siyahı”ya salınacaq

XİN: Rus jurnalistlər “qara siyahı”ya salınacaq

4 Aprel 2016 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Rusiyanın ORT televiziyasının çəkiliş qrupu Dağlıq Qarabağ ərazisində olub. Hazırda Həmin jurnalistlərin adları araşdırılır və onlar müvafiq qaydada "arzuolunmaz şəxslər" siyahısına salınacaqlar. Bizim tərəfdən onlara etiraz bildiriləcək".

Bu barədə AzVision.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisi qeyd edib ki, xarici media nümayəndələri Azərbaycanın bütün bölgələrində, o cümlədən işğal altında regionlarda fəaliyyət göstərmək üçün mütləq qaydada Xarici İşlər Nazirliyinə müraciət etməlidir: "Hər bir halda Azərbaycan Respublikasının bütün ərazilərində, o cümlədən işğal olunmuş torpaqlarda çəkiliş aparmaq üçün xarici KİV nümayəndələri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməlidirlər.

Bununla bağlı olaraq Xarici İşlər Nazirliyinin akkreditasiyası əsasında xarici media nümayəndələri Azərbaycanın cəbhəyanı bölgələrində fəaliyyət göstərmək üçün Müdafiə Nazirliyinə müraciət etməlidirlər.

İndiyə qədər cəbhəyanı bölgələrdə fəaliyyət göstərmək üçün bizə müraciət edən bəzi xarici jurnalistlər olub".

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan-Ermənistan sərhəddində intensiv döyüşlər başlayıb. Qarabağ döyüşləri bir anda dünyanın əsas xəbərlərindən birinə çevrilib.

Regionda baş verən hadisələrdən öz auditoriyasına təfsilatlı xəbər vermək üçün bəzi xarici KİV nümayəndələri Azərbaycana, eyni zamanda işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər ediblər.

Mediainfo.az