Netanyahu razılığa gəlir

Netanyahu razılığa gəlir

2 Avqust 2011 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin baş naziri Binyamin Netanyahu Fələstinlə 1967-ci il sərhədlərinin bərpa edilməsi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bəyan edib. İsrail əvvəllər bu məsələ ilə bağlı hər hansı bir kompromisə getməkdən qəti şəkildə boyun qaçırırdı.

Ehtimal edilir ki, Netanyahu regionda sülhə ABŞ prezidenti Barak Obamanın bu ilin mayında irəli sürdüyü təkliflər əsasında nail olmaq istəyindədir. "The Daily Telegraph" qəzetinin yaydığı məlumata görə, isə danışıqlara Fələstinin İsrailin müstəqilliyini tanıyacağı təqdirdə baş tutacaq. Bundan başqa Fələstin İsraillə danışıqlara başlamaq üçün BMT-yə tamhüquqlu üzvlükdən də imtina etməlidir. Bu iki amilin şərt kimi irəli sürüldüyü bildirilir.

Xatırladaq ki, 1967-ci ilin iyun müharibəsi dövründə ərəb dövlətləri İsrail ordusu tərəfindən ağır məğlubiyyətə düçar оlmuşdu. Bir neçə gün davam еtmiş döyüşlər nəticəsində yəhudilər Fələstinin qalan hissəsini də işğal еdə biliblər. Bu ərazilərə Fələstinin qərb, Qüdsün isə şərq hissəsi və Qəzza zоlağı da daхil idi. Bu zaman 330 min fələstinli öz daimi yaşayış yerlərindən didərgin düşüb. İsrail ordusu həmçinin, Suriyanın Colan təpələri (1150 kvadrat kilometr) və Misirin Sina (61198 kvadrat kilometr) yarımadasını da tutub.

"Qaynar ocaqlar"dan biri deyəsən, sönmək üzrədir.

Tofiq Əliyev

O.M.