Azərbaycan nümayəndə heyəti Metsamor AES-in bağlanması məsələsini qaldırıb

Azərbaycan nümayəndə heyəti Metsamor AES-in bağlanması məsələsini qaldırıb

7 İyul 2011 17:13
882
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT Parlament Assambleyasının (PA) Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 20-ci yay sessiyası çərçivəsində bu gün Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının (AES) bağlanması təklifini səsləndirib. Bu barədə APA-ya Eldar İbrahimov özü məlumat verib. "Metsamor" AES-in bölgədəki dövlətlər üçün ciddi təhlükə yaratdığını vurğulayan E. İbrahimov regionu hər an baş verəcək təhlükədən xilas etmək üçün ATƏT-ə üzv dövlətləri bu stansiyanın fəaliyyətinin dayandırılması üçün səylər göstərməyə çağırıb.

"Məndən sonra Ermənistan nümayəndələri çıxış etdilər. Onlar dedilər ki, dünyanın müxtəlif ölkələrindən mütəxəssislər mayın 2-dən 6-dək Ermənistana səfər edərək, stansiyaya baxış keçiriblər. Bildirilib ki, bəzi çatışmazlıqlar aradan qaldırılacaq və stansiya işləyəcək", - deyə E. İbrahimov vurğulayıb.

Millət vəkili qeyd edib ki, bu gün ümumi mövzu - "ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni start" üzrə Assambleyanın komitələrində müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyətinin üzvləri də müzakirələrdə müxtəlif təkliflərlə çıxış ediblər.

Məncə, Ermənistanda atom elektrik stansiyasının olması, barıt çəlləyində oturub siqaret çəkməyə bənzəyir.

Tofiq Əliyev

O.M.