İraqdan ABŞ-a ultimatum

İraqdan ABŞ-a ultimatum

8 Aprel 2011 14:12
1 005
Bəyəndim (0) Bəyənmədim (0)
ABŞ administrasiyası öz iradəsini İraqa yeridə bilməz


"Əl İrakiya" telekanalının yaydığı məlumata görə, rəsmi Bağdad 2011-ci ildən sonra ABŞ əsgərlərinin bu ölkədə qalmasını istəmir. Hökumət nümayəndəsi Əli əd-Dabbaq bu barədə telekanala müsahibəsində deyib.

Baş nazir Nuri əl-Maliki dünən ABŞ müdafiə naziri Robert Qeytsə bildirib ki, İraq hökuməti bu ölkənin ərazisində hər hansı bir dövlətin qoşunlarını görmək istəmir. O, həmçinin əlavə edib ki, ABŞ qoşunları həm İraq üçün, həm də region üçün problem yaradır.

Baş nazir ultimativ şəkildə müdafiə nazirinə deyib: "ABŞ administrasiyası öz iradəsini İraqa yeridə bilməz. Sizin qoşunlar yerləşdiyi ölkənin razılığı olmadan orada qala bilməz."

Bu günlərdə İraqda işgüzar səfərdə olan Robert Qeyts öz növbəsində belə bir açıqlama verib: "ABŞ qoşunları əvvəlcədən ikitərəfli razılığa əsasən 2011-ci ilin 31 dekabrınadək İraqdan çıxarılmalı idi. Lakin iraqlılar bizim qalmağımızı istəsələr, qalacağıq."

Xatırladaq ki, 2009-cu ilin yayında ABŞ İraqdakı hərbi əməliyyatlarına rəsmən son verdiyini bildirmişdi. Bu ilin yayında isə 50 minlik kontingentini çıxarmağı planlaşdırır.

Hadisələrin pik dövründə İraqdakı ABŞ hərbi qüvvələrinin sayı 170 min əsgərdən ibarət idi.

O.M.