Marqvelaşvili İlham Əliyevi Gürcüstana dəvət edib

Marqvelaşvili İlham Əliyevi Gürcüstana dəvət edib

24 Dekabr 2014 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

Gürcüstanın prezidenti Giorgi Marqvelaşvilinin təbrik məktubunda deyilir: "Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi, siyasi və mədəni sahələrdə uğurla inkişaf etməkdədir. Gürcüstan Azərbaycan Respublikası ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinizə görə bir daha Sizə minnətdarlığımı bildirirəm. Mən bir daha əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında mövcud olan davamlı dostluq və əməkdaşlıq əlaqələri birgə səylərimiz nəticəsində xalqlarımızın qarşılıqlı faydası naminə gələcəkdə də davam edəcək və daha da güclənəcək.
Bu xoş fürsətdən istifadə edərək, mən Sizi Gürcüstana rəsmi səfərə dəvət edirəm. Sizi Tbilisidə səmimi qarşılamaq mənim üçün şərəf olardı. Əminəm ki, bu səfər 2014-cü ildə yeni təkan almış tərəfdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcək. Zati-aliləri, mənim dərin ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
Moldova Respublikasının prezidenti Nikolaye Timoftinin isə təbrikində deyilir:
"Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ürəkdən gələn ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram. Bu xoş fürsətdən istifadə edərək, qəti əminliyimi bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan ənənəvi dostluq münasibətləri bundan sonra da dinamik inkişaf edəcək, ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacaq. Zati-aliləri, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar, ailənizə xoşbəxtlik və firavanlıq arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Mediainfo.az