Ermənistan məhkəməyə veriləcək!

Ermənistan məhkəməyə veriləcək!

23 İyun 2011 21:07
1 069
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı məhkəmə iddiasının qaldırılması" layihəsi çərçivəsində tədbirləri davam etdirir. Layihə iki istiqamətdə - Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən məqsədli şəkildə milli–mədəni dəyərlərimizin məhv edilməsi və ya erməniləşdirilməsi faktlarının aşkara çıxarılması və erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində iddiaların qaldırılması istiqamətlərində reallaşdırılır.
Artıq birinci istiqamətdə nəzərdə tutulmuş iddia ərizələri "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası"nın 34-cü maddəsinə və Məhkəmə Reqlamentinin 45-ci və 47-ci maddələrinə uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim edilmə ərəfəsindədir.
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində məqsədli şəkildə milli–mədəni dəyərlərimizi ya məhv edir, ya da mənimsəyir. Bununla da onlar bu torpaqların ermənilərə məxsusluğu barədə yalan məlumatlar yayır, sübut üçün təhrif etdikləri Azərbaycan abidələrini misal göstərirlər. Bu isə öz növbəsində Azərbaycanın tarixinə və mədəniyyətinə çox ciddi ziyan vurur. İctimai Birlik ermənilərin bu iddialarına son qoymaq üçün Ermənistan hökumətinə qarşı məhkəmə iddiaları qaldırılması barədə qərar qəbul etmişdir.
Birinci mərhələdə Kəlbəcər rayonundakı tarix-diyarşünaslıq muzeyi və Gəncəsər monastırı. Şuşa şəhərindəki Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidləri barədə olan iddia ərizələri iyunun sonunadək Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim ediləcəkdir. İkinci mərhələdə isə Laçın rayonundakı tarix-diyarşünaslıq muzeyi və Ağoğlan qəsri, Ağdam rayonundakı Cümə məscidi və Şahbulaq qəsri abidələri, Zəngilandakı tarix-diyarşünaslıq, xalqlar dostluğu və daş heykəllər muzeyləri barədə məlumatlar təqdim ediləcək.
Eyni zamanda, erməni təcavüzündən zərər çəkmiş bir qrup Azərbaycan vətəndaşının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı məhkəmə iddiası qaldırılacaq. Bütün məhkəmə iddiaları Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Sadiq Bağırov və Nemət Heydərov tərəfindən hazırlanır.

Könül Aypara