II Türkoloji Qurultay 2016-cı ildə Bakıda keçiriləcək

II Türkoloji Qurultay 2016-cı ildə Bakıda keçiriləcək

19 Dekabr 2014 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

"Sovet dövründəki antimilli qüvvələr hələ də tükənməyib, bu gün də milli tariximizə zərbə vurmaqda davam edirlər".

Apa-nın məlumatına görə, bunu bu gün Azərbaycan Alimlərinin I Qurultayında Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev söyləyib.

Onun sözlərinə görə, belə qüvvələrə qarşı mübarizə davam etməlidir: "Bu sahədə PA rəhbəri, akademik Ramiz Mehdiyevin son tədqiqatları, xüsusən Şah İsmayıl Xətai ilə bağlı araşdırmaları alimlərə elmi söykənəcək olub".

T.Hacıyev qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti Azərbaycan yazılı ədəbiyyatı ilə bağlı mübahisəli məqamlara son qoyulmasında mühüm rol oynayıb: "Bu sahədə Dədə Qorqudla bağlı mübahisələrə diqqət çəkmək istəyirəm. Türkiyə Dədə Qorqudşünasları deyirdilər ki, Dədə Qorqud 16-cı əsrdən o yana getmir. Ancaq Heydər Əliyev Dədə Qorqud kitabının 1300 illiyinin keçirilməsi ilə bağlı fərman verdi və bu yubiley keçirildi, bununla bağlı bir çox tədqiqatlar aparıldı, kitablar nəşr edildi. UNESKO da bunu qəbul etdi və bununla da Azərbaycan yazılı ədəbiyyatının tarixinin 7-ci əsrə gedib çıxdığı təsdiqini tapdı".

XX əsrin əvvəlində Bakıda I Türkoloji Qurultayın keçirildiyinin xatırladan T.Hacıyev 2016-cı ildə II Bakı Türkoloji Qurultayının keçirilməsini də təklif edib.

Mediainfo.az