XİN rəsmisi: "Qevorkyan ailəsi Ermənistanda fiziki işgəncəyə məruz qalıb"

XİN rəsmisi: "Qevorkyan ailəsi Ermənistanda fiziki işgəncəyə məruz qalıb"

15 Dekabr 2014 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

"Qevorkyan ailəsi Ermənistanda hökm sürən istibdad, zülm və ifrat yoxsul həyatdan xilas olmaq üçün dörd il bundan əvvəl Azərbaycana üz tutub və üçüncü ölkəyə keçmək niyyətində olub. Ailənin başçısı Yegişe Gevorkyan kriminal keçmişi olduğuna görə müraciət edilən üçüncü ölkələr tərəfindən qəbul edilməyib". Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Qevorkyan ailəsinin Azərbaycanda mənzil, qida və lazımı həyat şəraiti ilə təmin edildiyini bildirib: "Qevorkyan ailəsinə daimi əsasda Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələri tərəfindən baxış keçirilib, saxlama şəraitindən həmişə razılıq ediblər. Ermənistanda aparılmış tibbi müayinələr də ailənin tam şəkildə sağlam olduğunu sübut edib".

Hikmət Hacıyev Yegişe Qevorkyan və onun ailə üzvlərinin Ermənistan xüsusi xidmət orqanlarının hədə-qorxusu ilə bu addımı atdıqlarını sözlərinə əlavə edib: "Ermənistana təhvil verildikdən sonra Yegişe Qevorkyan və onun ailə üzvlərinin Ermənistanın xüsusi xidmət orqanlarının hədə-qorxusu və insan ləyaqətini alçaldan fiziki və psixoloji işgəncələri nəticəsində məcburi ictimai ifadələrə vadar edildikləri açıq şəkildə görünür. Ən dəhşətlisi ondan ibarətdir ki, Ermənistan bu çirkin təbliğat məqsədilə ailənin azyaşlı uşaqlarından istifadə etməkdən belə çəkinmir. Bundan əvvəl də Ermənistana təhvil verilmiş Ermənistan vətəndaşları bu kimi işgəncələrə və uzun müddət Ermənistan xüsusi xidmət orqanlarının həbsxanalarında saxlanmağa məcbur ediliblər. Təəssüflər olsun ki, Yegişe Qevorkyan ailəsi də Ermənistanda bu faciə ilə üzləşib".

Mediainfo.az