Elmar Məmmədyarov Əfqanıstanın yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Əfqanıstanın yeni səfirini qəbul edib

12 Dekabr 2014 18:20
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Məhəmməd Taqi Xəlilini qəbul edib.

Azərbaycan XİN mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Əfqanıstan arasında ənənəvi dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

E. Məmmədyarov Azərbaycanın dost ölkə olan Əfqanıstanla əlaqələrinin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, elm-təhsil, təlim, sərmayələr, humanitar, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Səfir M. Xəlili isə Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar onun əziz xatirəsinə ehtiramını ifadə edib.

Azərbaycanın Əfqanıstana humanitar, maddi-texniki, təlim və təhsil sahəsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən səfir cəsur Azərbaycan əsgərlərinin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin tərkibində Əfqanıstanda sülh və təhlükəsizlik naminə xidmətinin Əfqanıstan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Səfir M. Xəlili Azərbaycanın inkişaf təcrübəsinin ölkəsi üçün örnək olduğunu da deyib.

Görüşdə iki ölkə arasında müqavilə hüquq-bazasının inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfir M. Xəlili etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib. E. Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir M. Xəlili diplomatik fəaliyyəti müddətində iki ölkə arasında dostluq əlaqələrinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Mediainfo.az