İlham Əliyev Serbiya parlamentinin sədrini qəbul edib

İlham Əliyev Serbiya parlamentinin sədrini qəbul edib

11 Dekabr 2014 17:16
553
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Serbiya parlamentinin sədri Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Apa-nın məlumatına görə, Azərbaycanla Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan dövlət başçısı siyasi əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib və bunun iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaratdığını bildirib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Serbiyanın mövqeyini yüksək qiymətləndirən prezident İ. Əliyev Azərbaycanın Kosovo ilə əlaqədar Serbiyanın mövqeyini dəstəklədiyini bir daha vurğulayıb.

M. Qoykoviç isə ölkəsinin iqtisadi əməkdaşlığın genişləndirilməsində və Azərbaycanın Serbiya iqtisadiyyatına investisiya qoymasında maraqlı olduğunu bildirib. Parlament sədri ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq etdiyini deyib.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini deyən M. Qoykoviç Kosovo ilə bağlı Azərbaycanın mövqeyinə görə minnətdarlığını bildirib. Parlament sədri ölkəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasını, eləcə də dahi bəstəkar Üzeyir Hacıbəylinin Serbiyada, Bakıda isə serb xalqının böyük oğlu Nikola Teslanın abidələrinin açılışını ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib. O, Serbiyada məscid və kilsənin əsaslı şəkildə yenidən qurulmasına və bu yaxınlarda daşqınlar zamanı ilk ölkələrdən biri olaraq Azərbaycanın göstərdiyi yardıma görə serb xalqı və şəxsən öz adından prezident İlham Əliyevə minnətdarlıq edib.

Görüşdə ölkələrimiz arasında nəqliyyat, investisiya qoyuluşu, energetika və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Mediainfo.az