AŞPA sözçüsü cəbhədə baş verən son insidentləri araşdırır

AŞPA sözçüsü cəbhədə baş verən son insidentləri araşdırır

10 Dekabr 2014 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

AŞPA Siyasi Komitəsinin Parisdə keçirilən iclasında AŞPA Bürosu tərəfindən Azərbaycanın işğal altındakı ərazilərində vəziyyətlə bağlı məruzəçi təyin olunmuş Robert Valter son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlikdən danışıb.

Bu barədə Apa-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

S. Seyidov xatırladıb ki, ermənilər dəfələrlə belə bir məruzənin hazırlanmasına və məruzəçinin təin edilməsinə mane olublar: "Onlar buna səbəb olaraq deyirdilər ki, Avropa Şurasında münaqişə ilə bağlı hər hansı məruzəçinin təyinatı ATƏT-in Minsk Qrupu tərəfindən aparılan işlərə xələl gətirər, regionda sabitliyin pozulmasına səbəb olar. Bu tezisi önə sürərək ermənilər Dağlıq Qarabağ üzrə Alt Komitənin işindən imtina etdilər, ümumiyyətlə, onlar AŞPA-da Azərbaycan nümayəndə heyəti ilə görüşlərdən imtina etmişdilər. Onlar çalışırdılar ki, Avropa Şurasında bu mövzu ümumiyyətlə, gündəmə gətirilməsin. Ona görə də ötən gün AŞPA Siyasi Komitənin iclasında məruzəçi kimi Robert Valter tərəfindən bu mövzunun gündəmə gətirilməsi və təqdimatın olması Azərbaycan üçün vacib hadisədir".

S. Seyidov qeyd edib ki, bu yaxınlarda R. Valterin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşü keçirilib: "Həmin görüşün nəticəsi olaraq bildirilmişdi ki, ATƏT-in Minsk Qrupu Avropa Şurasında münaqişə ilə bağlı məruzəçinin təyin olunmasını və məruzə hazırlanması təşəbbüsünün nəinki əleyhinə deyil, hətta bunu dəstəkləyir. Ermənistan nümayəndə heyəti rəhbərinin heç səsi də çıxmadı. Əgər buna qarşı çıxsalar, anlamı o olacaqdı ki, Avropa Şurası ilə əməkdaşlıq etmək istəmirlər. Bu, onları çətin duruma salardı. Çünki AŞPA Siyasi Komitəsinin işindən imtina etmək özünü təcrid vəziyyətinə salmaq deməkdir. Ona görə də onlara nə qədər çətin olsa da, Robert Valterin missiyasını sakitliklə qarşıladılar".

S. Seyidov deyib ki, R. Valter çıxışında bu məruzənin gündəmə gəldiyi vaxtın təsadüfi olmadığını bildirib: "O, bunu hazırkı vaxtda cəbhə bölgəsində baş verən gərginliklə əlaqələndirdi. Azərbaycan tərəfi onun çıxışına qədər məlumat təqdim etmişdi ki, cəbhədə çox ciddi gərginlik yaşanır və bu gərginlik Azərbaycan tərəfindən yox, Ermənistan tərəfindən başlanan təxribatın nəticəsidir. Bu məsələnin yaxın zamanlarda araşdırılması da Robert Valterin missiyasının əsas tərkib hissəsidir. Bildirildi ki, bu məruzə ona görə lazımdır ki, cəbhədə baş verən və getdikcə artan gərginlik araşdırılsın və günahkar faktlarla ortaya çıxarılsın".

Mediainfo.az