Xələf Xələfov: "Azərbaycanın apardığı siyasət bu problemlərin həlli üçün möhkəm baza yaradıb”

Xələf Xələfov: "Azərbaycanın apardığı siyasət bu problemlərin həlli üçün möhkəm baza yaradıb”

8 Dekabr 2014 10:39
350
Bəyəndim (0) Bəyənmədim (0)

"Narkomaniya aktual problemlərdən biridir. Azərbaycan dövləti bu problemin həlli istiqamətində lazımi tədbirlər həyata keçirir. Bu, həm sosial, həm iqtisadi, həm də siyasi problemdir. Çünki qadın və uşaqların qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".

APA-nın məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi" mövzusunda keçirilən beynəlxalq konfransda xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, xüsusən qadın və uşaqların narkomaniyadan çəkindirilməsi ictimai sifarişdir və bir məsələ cəmiyyətin, dövlətin qarşısında durmaqdadır.
Beynəlxalq sahədə atılan mütərəqqi addımların Azərbaycanda tətbiqinə tərəfdar olduqlarını söyləyən X. Xələfov qeyd edib ki, bu gün Azərbaycan müvafiq beynəlxalq qurumların işində iştirak edir, məruzələr, hesabatlar təqdim edir: "Son dövrlər Azərbaycanda insan hüquqlarının qorunması sahəsində böyük uğurlar əldə olunub. Bəziləri buna müsbət yanaşır, bəziləri də tənqid edirlər. Müəyyən çatışmazlıqlar ola bilər, amma əsas odur ki, Azərbaycanın apardığı siyasət bu problemlərin həlli üçün möhkəm baza yaradıb".
Tədbirdə beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin iştirakını təqdir edən X. Xələfov insan hüquqlarının qorunmasının Azərbaycan üçün prioritet məsələ olduğunu vurğulayıb. O, narkomaniyanın qadın və uşaqlara ağır zərbə vurduğunu bildirib: "Mən dövlət qurumlarımızı beynəlxalq əməkdaşlıqda daha fəal iştirak etməyə çağırıram. Baxmayaraq ki, son zamanlar insan hüquqları sahəsində Azərbaycana tənqidlər söylənir, beynəlxalq siyasətdə bundan bir təzyiq kimi istifadə etmək istəyirlər. Ancaq insan hüquqları siyasətdən çox, humanitar məsələdir. İnsan hüquqlarından siyasi vasitə kimi istifadə etmək müsbət heç nəyə xidmət etmir, insan hüquqları institutunun uğurlarına inamı azaldır. Kim nə söyləsə də, cəmiyyətin rifahı uşaqların və qadınların rifahından keçir".

Mediainfo.az