“Qarabağ qaziləri” birliyi Roma Papasına etirazlarını bildirdilər

“Qarabağ qaziləri” birliyi Roma Papasına etirazlarını bildirdilər

5 Dekabr 2014 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ qaziləri" birliyi Roma Papası I Fransiskin Türkiyə səfəri zamanı Türkiyə-Ermənistan sərhədlərinin açılması haqda fikirləri ilə bağlı bəyanat yayıb. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Roma Papası erməniləri açıq şəkildə himayə edir.

"Təəssüflər olsun ki, 20 ildən artıq bir vaxtda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına, 1 milyondan artıq soydaşlarımızın öz dədə-baba yurdlarından didərgin düşməsinə, Ermənistanda azərbaycanlı körpələrin dəmir borulara doldurularaq diri-diri qaynaq edilməsinə, əsrin ən böyük dəhşətlərindən birinə - Xocalı soyqırımına susan Roma Papası I Fransisk erməniləri müdafiə edir. Məgər o bilmir ki, Türkiyə dövləti Ermənistanla sərhədi niyə bağlayıb? Çox gözəl bilir, amma bunun üstündən sükutla keçir. Yaxşı olar ki, hörmətli Roma Papası zəhmət çəkib Ermənistan tərəfindən başımıza gətirilən faciələrdən də danışsın, təpədən dırnağa qədər ən müasir silahlarla silahlanmış İsrail ordusu tərəfindən dinc müsəlman əhalinin, uşaqların, körpələrin qətlə yetirilməsindən danışsın. Danışmaz, çünki o, bir xristian təəssübkeşliyi çəkir, din qardaşları olan erməniləri himayə edir. Dünyada haqqın-ədalətin, sülhün tərəfdarı olduğunu bəyan edən Katolik kilsə rəhbəri müsəlmanlara gələndə "bəşəri" dəyərləri unudur, öz xaçpərəstlərinin tərəfini tutur", - deyə bəyanatda qeyd olunub.



Qarabağ qaziləri Roma Papasından baş verən bu ədalətsizliyə biganə yanaşmamasını tələb ediblər: "Azərbaycanın Ermənistan tərəfindən işğal və təcavüzə məruz qalmasını da dilə gətir. Biz Roma Papası I Fransiskdən tələb edirik ki, dünyada baş verən ədalətsizliyə göz yummasın, Azərbaycanın Ermənistan tərəfindən işğal və təcavüzə məruz qalmasını da dilə gətirsin! Ermənistanı Azərbaycan torpaqlarının işğalına, təcavüzünə son qoymağa çağırsın! Azərbaycanda, Fələstində, İraqda və digər müsəlman ölkələrində müsəlman soyqırımına müşahidəçi qalmasın, öz etiraz səsini qaldırsın!".