Putin:  “Rusiya öz soydaşlarını müdafiə etməyə qadir olduğunu sübüt edib”

Putin: “Rusiya öz soydaşlarını müdafiə etməyə qadir olduğunu sübüt edib”

4 Dekabr 2014 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Apa-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Şura üzvlərinə illik ənənəvi müraciətində deyib.

Krımın Rusiya üçün xüsusi bəşəri əhəmiyyətə malik olduğunu deyən V. Putin qeyd edib ki, Krım məsələsi olmasaydı belə, Qərb sanksiyalar üçün başqa bir səbəb tapacaqdı. O həmçinin bildirib ki, ölkəsi həmişə qardaş Ukrayna xalqına və onun suverenliyinə hörmətlə yanaşacaq.

"Lakin hakimiyyətin güc yolu ilə ələ keçirilməsini, Odessadakı qətlləri dəstəkləmək olmazdı. Hazırda Ukraynanın şərqində baş verənlər Rusiyanın fevral hadisələrini dövlət çevrilişi kimi dəyərləndirməsinin doğru olmasını bir daha sübut edir. Vaxtilə Rusiyanı Yuqoslaviya ssenarisi üzrə parçalamaq istəyirdilər. Xaricdən separatçılığa dəstək mövcud idi. ABŞ hər zaman bizimlə qonşularımız arasındakı münasibətlərə birbaşa və ya dolayı yolla təsir edir", - deyə o vurğulayıb.

Qroznıdakı hadisələrə gəlincə Rusiya prezidenti Çeçenistanın yenidən kənardan gəlmiş "üsyançılar"la üz-üzə qaldığını bildirib. Bununla belə o, yerli hüquq-mühafizə orqanlarının onlara qalib gələcəyinə ümidvar olduğunu deyib.

V. Putin beynəlxalq arenada yaşananlara baxmayaraq ölkəsinin Avropa və ABŞ-la münasibətləri dayandırmaq niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, Rusiya eyni zamanda Afrika və Yaxın Şərq ölkələri ilə əməkdaşlığı davam etdirəcək: "Biz inteqrasiya proseslərinin gücləndiyi, siyasətlə iqtisadiyyatı bir-birinə qarışdırmayan regionlarda mövcudluğumuzu genişləndirəcəyik. Biz heç vaxt özümüzü təcrid etməyəcəyik, ksenofobiya, şübhə və düşmən axtarışı yolu ulə getməyəcəyik. Bunlar zəifliyin əlamətləridir. Biz isə güclüyük və özümüzə arxayınıq. Ya suveren olacağıq, ya da dünyada əriyib gedəcəyik".

Rusiya prezidenti həmçinin qeyd edib ki, ölkəsi dünya və xarici investorlar üçün açıq olacaq: "Bizi çətin və gərgin dövr gözləyir. Lakin sanksiyalar və xaricdən olan məhdudiyyətlər sürətli inkişaf üçün böyük stimuldur".

Rusiya-Ukrayna münasibətlərindən danışan V. Putin ölkəsinin Ukraynaya böyük dəstək verdiyini qeyd edib. Onun sözlərinə görə, Rusiya bankları Ukrayna iqtisadiyyatına 25 mlrd. dollaradək yatırımlar edib.

"Üstəlik Maliyyə Nazirliyimiz ötən il Ukraynaya 3 mlrd. dollarlıq kredit verib, "Qazprom" isə əlavə olaraq 4,5 mlrd. dollarlıq kredit ayırıb və qaz qiymətlərində güzəşt edib. Halbuki bunu heç kim vəd etməmişdi. Bu üst-üstə 32,5 mlrd. dollar edir", - deyə o vurğulayıb.

Mediainfo.az