Ceyms Uorlik: “Prezidentlər yəqin ki, görüş barədə qərar verəcək”

Ceyms Uorlik: “Prezidentlər yəqin ki, görüş barədə qərar verəcək”

4 Dekabr 2014 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bazeldə Azərbaycanın xarici işlər naziri ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş başlayıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş başlayıb.

Apa-nın İsveçrəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, görüşdən əvvəl jurnalistlərə açıqlama verən amerikalı həmsədr Ceyms Uorlik bildirib ki, E.Məmmədyarovla görüşdən dərhal sonra həmsədrlərin Azərbaycan və Ermənistan XİN başçıları ilə birgə görüşü baş tutacaq.

"Son bir il ərzində biz danışıqlarda nəzərəçarpan irəliləyişlərə nail olmuşuq. Azərbaycan və Ermənistan prezidentləri üç dəfə görüşdülər və davamlı dialoqun qorunması üçün səylərini göstərdilər. Eyni zamanda geriyə də addımlar oldu. Biz hamımız iyulun sonu-avqustun əvvəlində baş verən hadisələri bilirik. Pozuntular oldu, pozuntular nəticəsində tələfatlar oldu. Biz eyni zamanda bu yaxınlarda hərbi helikopterin vurulmasının şahidi olduq. Bu da əslində hər iki tərəf üçün faciə oldu. Çalışırıq ki, bundan qabaq əldə etdiyimiz nailiyyətləri bərpa edək, davamlı sülhə bu proses nəticəsində nail olaq" - deyə C.Uorlik qeyd edib.

O, Bazel görüşündə dialoqun bərpası istiqamətində mühüm addımlar atılacağına və prezidentlərin növbəti görüşü barədə danışmaq mümkün olacağına ümid etdiyini bildirib: "Ümid edirik ki, prezidentlər görüş barədə qərar verəcək. Amma bu qərar onlardan gəlməlidir. Siz yəqin ki, Paris görüşünü xatırlayırsınız. Hər iki prezidentin görüşdən sonrakı bəyanatlarında pozitiv rəy bildirilmişdi. Onlar bu görüşlərin davam etdirilməsinin tərəfdarı odluqlarını demişdilər. Biz həmsədr olaraq bu prosesə dəstəyimizi verməyə hazırıq".

Mediainfo.az