"1+1" telekanalı Dağlıq Qarabağ haqqında düzgün veriliş hazırlamayıb

"1+1" telekanalı Dağlıq Qarabağ haqqında düzgün veriliş hazırlamayıb

2 Dekabr 2014 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada yaşayan etnik qrupları təmsil edən təşkilatlar noyabrın 23-də ölkənin "1+1" telekanalının əməkdaşlarının Azərbaycandan icazəsiz Dağlıq Qarabağa səfər etmələri və qeyri-obyektiv proqram hazırlamaları ilə əlaqədar telekanal rəhbərliyinə, Dövlət Teleradio Komitəsinə, Xarici İşlər Nazirliyinə, Prezident Administrasiyasına etiraz məktubu ünvanlayıblar.

Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti Rövşən Tağıyev APA-ya açıqlamasında bildirib ki, assambleyada cəmləşən azərbaycanlıları, yəhudiləri, tatarları, qaqauzları, gürcüləri, moldovanları, polyakları, latışları, özbəkləri, türkmənləri, qırğızları, qazaxları, rusları və Şimali Qafqaz xalqlarını təmsil edən təşkilatlar adından ünvanlanan məktubda bu hadisə ciddi pislənilib və proqramın separatizmi təbliğ etdiyi vurğulanaraq ölkədə yaşayan xalqların bundan narahat olduqları bəyan edilib.

Məktubda deyilir ki, Ukraynada yaşayan azsaylı xalqlar "1 +1" telekanalının "15 respublika" adlı verilişində Dağlıq Qarabağ münaqişəsi haqqında faktların təhrif olunması və Azərbaycan Respublikasının imicinin neqativ şəkildə əks etdirilməsi separatizm qurbanı olan ölkənin vətəndaşları kimi onları ciddi narahat edir: "Vətəndaşı olduğumuz ölkənin jurnalistlərinin separatçı rejimlə işbirliyi, belə bir rejimi dəstəkləmələri hazırda Ukraynada aparılan separatizmə qarşı mübarizə ilə bir araya sığımır. Bu, Ukraynada yaşayan etnik qruplar üçün də ciddi narahatlıq doğurur. Biz Ukrayna rəhbərliyindən və KİV rəhbərlərindən bir daha belə hala yol verilməməsi üçün təminat istəyirik və buna birdəfəlik son qoyulmasını tələb edirik".

Mediainfo.az