Rəsmi Fransa Petrosyanın ölümündən "sarsılıb"

Rəsmi Fransa Petrosyanın ölümündən "sarsılıb"

22 Avqust 2014 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Romen Nadal bəyan edib:

"Fransa Karen Petrosyanın ailəsinə başsağlığı verir. Biz Azərbaycan hakimiyyətini dərhal onun meyitini qaytarmağa və ölümünün təfərrüatlarına aydınlıq gətirməyə çağırırıq", - deyə o vurğulayıb.

Xatırladaq ki, avqustun 7-də Azərbaycanın Müdafiə Nazirliyi ermənilərin kəşfiyyat-təxribat qrupunun Tovuz rayonu ərazisində təmas xəttini keçməyə cəhd göstərməsi ilə bağlı məlumat yayıb.

Qrupun üzvü - Ermənistanın Berd rayonunun Çinari kənd sakini, 1989-cu il təvəllüdlü K. Petrosyan azərbaycanlı hərbçilər tərəfindən saxlanılıb.

Növbəti gün səhər saatlarında K. Petrosyan qəfil ürək tutmasından ölüb.

Qeyd edək ki, Azərbaycan baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün bəyan edib ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinə Azərbaycandakı 5 nəfərdən ibarət erməni ailəsi və bir erməninin meyitinin ermənilərin girovluğunda olan Şahbaz Quliyev və Dilqəm Əsgərovla, o cümlədən Həsən Həsənovun meyiti ilə dəyişdirilməsini təklif etsə də, Ermənistan Müdafiə Nazirliyi bir erməni ailəsinin və bu yaxınlarda qəfil dünyasını dəyişmiş bir erməninin meyiti müqabilində yalnız Həsən Həsənovun meyitini qaytarmağa razı olduqlarını bildirib: "Biz isə bununla razılaşmadığımızı, girovlarımızın da azadlığa buraxılmasını istədiyimizi bildirdik".

Ə. Həsənov qeyd edib ki, Azərbaycan hələ də təklifini qüvvədə saxlayır və cavab gözləyir.

Mediainfo.az