Fuad İsgəndərov: “Azərbaycana bağlı qapılar arxasında hər zaman təşəkkür edilir, açıqda isə başqa cür davranılır”

Fuad İsgəndərov: “Azərbaycana bağlı qapılar arxasında hər zaman təşəkkür edilir, açıqda isə başqa cür davranılır”

12 Avqust 2014 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Belçika Krallığındakı səfiri və Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Avropanın nüfuzlu xəbər portalı olan və xüsusilə də Aİ institutlarında geniş oxucu auditoriyası olan "EU Reporter" qəzetinə müsahibə verib.

Nümayəndəlikdən Apa -ya verilən məlumata görə, müsahibədə Azərbaycanın Aİ ilə münasibətlərindən bəhs edən səfir Ermənistan-Azərbaycan cəbhə xəttində vəziyyətin gərginləşdiyi bir vaxtda Aİ tərəfindən vətənə xəyanətdə günahlandırılan şəxslərə dəstək ifadə edən bəyanatların verilməsinin qəbuledilməz olduğunu söyləyib, bunu yanlış zamanda atılmış yanlış addım kimi qiymətləndirib. O, tərəflər arasında mövcud olan dialoqda hər zaman mənfi cəhətlər axtaran Aİ-nin ikili yanaşmasını tənqid edib: "Son il ərzində əməkdaşlığımızda baş vermiş müsbət irəliləyişlərin və qarşılıqlı faydalı inkişafın, məsələn, 4 mühüm sazişin imzalanması və 45 milyard avroluq enerji layihələrinin razılaşdırılması kimi məqamların Aİ-nin Xarici Fəaliyyət Xidməti və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarlığının mətbuat katibləri tərəfindən bir dəfə də olsun dəyərləndirilməyib. Lakin Avropa Komissiyasının prezidenti Barrozonun Bakıya səfəri zamanı Azərbaycanla əhəmiyyətli dialoqun qorunub saxlanılması və onun strateji məqsədlərinin yerinə yetirilməsinə yardımçı olmağa hazır olduqları bəyan edilib".

Bu vəziyyəti coğrafi və bürokratik paradoks adlandıran səfirin sözlərinə görə, Azərbaycana bağlı qapılar arxasında hər zaman təşəkkür bildirilir, hətta digər "Şərq Tərəfdaşlığı" ölkələrinin Avropaya inteqrasiyasında dəstək istənilir, açıqda isə başqa cür davranılır.

Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafına hər zaman lazımı diqqəti göstərdiyini vurğulayan F. İsgəndərovun sözlərinə görə, Azərbaycan ölkədə demokratik standartlara nail olmaq istəməsə, Avropa Şurasına qoşulmazdı. Azərbaycanın dövlətçilik və cəmiyyətin inkişafı ilə bağlı tənqidin faydalarından yaxşı xəbərdar olduğunu söyləyən diplomat, Leyla Yunusla bağlı verilmiş bəyanatın bu sağlam trendlə heç bir əlaqəsinin olmadığını qeyd edib. O, vətənə xəyanətdə günahlandırılan bu şəxsin hamı kimi qanun qarşısında cavab verməli olduğu vurğulayıb.

F. İsgəndərov həmçinin, son zamanlar vətəndaş cəmiyyətindən "Şərq Tərəfdaşlığı" ölkələri də daxil olmaqla, gənc ölkələrin müstəqilliyi və ərazi bütövlüyünə qarşı alət kimi istifadə olunması tendensiyasının müşahidə olunduğunu söyləyib. O, Azərbaycanın Aİ ilə strateji tərəfdaşlıq qurmağa hazır olduğunu qeyd edərək, bunun sadəcə Azərbaycanın istəyi olmadığını, ilk növbədə Avropanın ölkənin bölgədəki mühüm tarixi və coğrafi rolunu diqqətə alaraq belə bir tərəfdaşlıqda maraqlı olduğunu bildirib. Azərbaycanın ən yaxşı Avropa təcrübəsini dəyərləndirdiyini söyləyən səfir bunun heç də "dərs almaq" anlamına gəlmədiyini və ikisi arasındakı fərqin başa düşülməli olduğunu bəyan edib.

Mediainfo.az