Rumıniya səfiri Kristian Çiobanu: "NATO bunu çox yüksək qiymətləndirir”

Rumıniya səfiri Kristian Çiobanu: "NATO bunu çox yüksək qiymətləndirir”

5 Avqust 2014 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan NATO üçün çox mühüm və yüksək dəyər verilən tərəfdaşdır".

Bunu Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çiobanu "NATO-nun 2014-cü il Uels sammiti: Proqnozlar və perspektivlər" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Səfir bildirib ki, NATO ilə Azərbaycan arasında əlaqələr ötən illərdə güclü inkişaf edib. O, tərəflərin demokratiya, institusional və müdafiə sahəsində islahatlarla bağlı fəal əməkdaşlıq etdiyini söyləyib. K. Çiobanu qeyd edib ki, NATO həmçinin silahlı qüvvələrin təlimi və modernləşdirilməsi sahəsində Azərbaycana köməklik göstərir: "Azərbaycanın Əfqanıstanda İSAF əməliyyatlarına dəstəyi və beynəlxalq antiterror kampaniyasına mühüm töhfə verməsi NATO üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın İSAF əməliyyatlarına verdiyi maliyyə və hərbi dəstək Azərbaycanın NATO ilə praktik əməkdaşlığının və regionda təhlükəsizliyin təmin olunması ilə bağlı ciddi fəaliyyətinin göstəricisidir. NATO bunu çox yüksək qiymətləndirir".
Diplomat əlavə edib ki, Azərbaycan və NATO arasında sıx əməkdaşlıq Qara dəniz və Xəzər dənizi regionunda sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir: "NATO və Avropa Birliyinin bir üzvü olaraq Rumıniya Azərbaycanın Avropa və avroatlantik institutlarla əlaqələrinin genişlənməsinə aktiv dəstək verməyə hazırdır".

Mediainfo.az