Qənirə Paşayeva İsraildə səfərdədir

Qənirə Paşayeva İsraildə səfərdədir

31 May 2011 12:07
1 060
Bəyəndim (0) Bəyənmədim (0)


İsrailin Hayfa şəhərində "ELM, TEXNOLOGİYA VƏ İNNOVASİYA: Qadın və Qızlar üçün Təhsil və Treyninq" Qadın Liderlərin Beynəlxalq Konfransı öz işinə başlayıb. YUNESKO, MASHAV - İsrailin Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyi, İsrail XİN və "The Golda Meir Mount Carmel" Beynəlxalq Treyninq Mərkəzinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda qızların təhsilinin artırılması, təhsilin bütün pillələrində gender bərabərsizliyinin aradan qaldırılması, xüsusilə elm, texnologiya və innovasiyalarda qadınların rolunun artırılması, bu istiqamətdə dünyada hökm sürən gender bərabərsizliyinin aradan qaldırılması yolları ətrafında 4 gün ərzində dünyanın 60-a yaxın ölkəsindən gəlmiş qadın nazirlər, millət vəkilləri, beynəlxalq təşkilatların rəsmiləri, nüfuzlu qeyri-hökumət və ictimai təşkilatların rəhbərləri və mütəxəssislər müzakirələr aparacaq, təkliflər irəli sürüləcək və bu istiqamətdə görüləcək işləri özündə əks etdirən sənəd qəbul olunacaq.

Beynəlxalq konfransda iştirak edən millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun qadın və kişi bərabərliyi komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva beynəlxalq konfransın açılışı günü YUNESKO-nun Baş direktoru İrina Bokova ilə görüşüb. Baş direktor Azərbaycanla təşkilat arasında yüksək səviyyəli əməkdaşlıq olduğunu, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğulayıb. Fikir mübadiləsinin sonunda millət vəkili Qənirə Paşayeva YUNESKO-nun Baş direktoru İrina Bokovaya Azərbaycan həqiqətlərini, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağda və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında vəziyyəti özündə əks etdirən materialları təqdim etmişdir.


Beynəlxalq konfransın açılış günü millət vəkili Qənirə Paşayeva həmçinin İsrailin Elm və Texnologiyalar naziri Daniel Hershkovitz, MASHAV - İsrailin Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyinin rəhbəri, İsrail Xarici İşlər Nazirliyi Baş direktorunun müavini Haim Divon, Hayfa Universitetinin prezidenti Aaron Ben Zeev, "The Golda Meir Mount Carmel" Beyəlxalq Treyninq Mərkəzinin direktoru Mazal Renfordla da görüşüb və fikir mübadiləsi aparıb. Xanım Renfordla görüşün sonunda millət vəkili ona və rəhbərlik etdiyi mərkəzə Azərbaycan həqiqətlərini özündə əks etdirən materiallar, kitablar da təqdim edib. Beynəlxalq konfrans 4 gün davam edəcək.

Ey azad qadın, mən kim olardım sən olmasaydın?!

Könül Aypara

O.M.