Ratko Mladiçin məhkəmə prosesinədək yaşaya bilməyəcəyi bildirilir

Ratko Mladiçin məhkəmə prosesinədək yaşaya bilməyəcəyi bildirilir

30 May 2011 17:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ratko Mladiçin vəkili 69 yaşlı müttəhimin müayinəsi üçün həkim qrupu ilə təmin olunmaqla bağlı müraciət edib. Vəkil Miloş Şaliç keçmiş generalın səhhətinin narahatlıq doğurduğunu və daha da pisləşərək məhkəmə prosesinin başlamasınadək yaşaya bilməyəcəyindən ehtiyat etdiklərini bildirib.

1992-95-ci illərdə Bosniya müharibəsi zamanı hərbi cinayətlərdə ittiham olunan, 16 illik təqibdən sonra ötən həftənin sonunda həbs edilən və 2 dəfə iflic olan Ratko Mladiçin ailəsi və vəkili onun Haaqaya ekstradisiyasına qarşı mübarizə aparır. Ratko Mladiçin ailəsi bu gün onun ekstradisiyasına qarşı şikayət ərizəsi təqdim etməyi planlaşdırır. Onlar Ratko Mladiçin ona qarşı irəli sürülən ittihamlara cavab verəcək vəziyyətdə olmadığını iddia edirlər. Vəkilin sözlərinə görə ailəsi Ratko Mladiçə Haaqada müvafiq tibbi müayinə göstəriləcəyini də hesab etmir.

Serbiyanın müharibə cinayətləri üzrə prokurorunun müavini Bruno Vekariç isə Ratko Mladiçin prosesi yubatmağa çalışdığını və heç nəyin onun beynəlxalq cinayət məhkəməsinin yerləşdiyi Haaqaya ekstradisiyasının qarşısını almayacağını qeyd edib.

Haaqa tribunalının mətbuat katibi Nerma Celaçiç isə Ratko Mladiçin gəlişinə hazırlıqların yaxşı getdiyini bildirsə də, ekstradisiyanın konkret vaxtını açıqlamayıb. Ancaq Haaqa tribunalının soyqırımda ittiham etdiyi generalın bu gün və ya sabah ekstradisiya olunacağı gözlənilir.

Ratko can hayında, Haaqa piy axtarır.

Tofiq Əliyev

O.M.