Hillari Klinton Azərbaycanı xalqını təbrik edib

Hillari Klinton Azərbaycanı xalqını təbrik edib

28 May 2011 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ dövlət katibi xanım Hillari Klinton Azərbaycan xalqını 28 may Respublika Günü münasibəti ilə təbrik edib.
"Prezident Obama və ABŞ xalqı adından Azərbaycan xalqını keçirdiyi 28 may Respublika Günü münasibəti ilə təbrik etməkdən məmnunluq hissi keçirirəm. Sizin zəngin mədəniyyətinizin, tarixinizin və Azərbaycanın iyirmi il əvvəl müstəqilliyini bərpa etdiyindən bəri nail olduğu mühüm nailiyyətlərin şərəflə vurğulanması üçün bu xüsusi bir hadisədir", deyə Hillari Klintonun adından yayılan bəyanatda bildirilir.
Xanım Klinton keçən il ilk dəfə Bakıya və Azərbaycana gəlməyindən məmnunluğunu ifadə edib. Onun sözlərinə görə Azərbaycanın dinamizmi və potensialı, habelə Azərbaycan xalqının gücü onda çox böyük təəssürat yaradıb.
"ABŞ və Azərbaycan qarşılıqlı maraqlar və hörmətə əsaslanan güclü münasibətlərə malikdirlər. Biz, bir sıra qlobal problemləri həll etmək və imkanlardan yararlanmaq istiqamətində birgə çalışırıq. Biz, bölgədə təhlükəsizlik və sabitliyin dəstəklənməsi, enerji təhlükəsizliyinin genişləndirilməsi və daha böyük iqtisadi və siyasi islahatlara yardım etmək istiqamətində birgə işləyirik. Amerika Birləşmiş Ştatları iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi işinə sadiq qalmaqdadır.
Belə bir xüsusi gündə, mən Azərbaycan xalqının gələcək illərdə sülh və firavanlıqda yaşamasına dair ən gözəl arzularımı bildirirəm", deyə bəyanatda bildirilir.