Spiker Oqtay Əsədov İrana səfər edəcək

Spiker Oqtay Əsədov İrana səfər edəcək

17 Fevral 2014 15:40
371
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu iclasına qatılacaq

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu iclasında iştirak etmək üçün fevralın 18-də İrana səfər edəcək. MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında bildirib ki, nümayəndə heyətinin tərkibinə deputat Eldar İbrahimov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Tehranda keçiriləcək İƏT Pİ Konfransının növbəti sessiyasında qurumun daimi komitələrinin qətnamələri təsdiq olunacaq, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın bu günü və gələcək inkişafı müzakirə ediləcək, bir sıra təşkilati məsələlərə baxılacaq. Sessiyada parlament nümayəndə heyətlərinin başçıları çıxış edəcəklər.

Təşkilatın daimi komitələri artıq öz işinə başlayıb. Azərbaycanlı deputatlar Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı orada iştirak edirlər.

Tədbir çərçivəsində Müsəlman Qadın Parlamentarlarının 3-cü konfransı və Fələstinə dair daimi komitənin növbəti iclası keçiriləcək.

Qeyd edək ki, 9-cu iclasda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsinin də müzakirəyə çıxarılması planlaşdırılır.

O. Əsədovun iranlı həmkarı Əli Laricani və üzv ölkələrin parlament sədrləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub. Səfər fevralın 19-da başa çatacaq.