Fazil Mustafa: “Bəziləri prezidentin yox, xalqa divan tutan məmurların xidmətçisi olmağa üstünlük verirlər”

Fazil Mustafa: “Bəziləri prezidentin yox, xalqa divan tutan məmurların xidmətçisi olmağa üstünlük verirlər”

14 Fevral 2014 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan parlamentinin deputatı Fazil Mustafa həmkarı Siyavuş Novruzovun onun ünvanına söylədiyi sərt ittihamlar cavab verib

Apa-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında cari məsələlərin müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasından olan deputat S. Novruzov həmkarı F. Mustafanı yeni yazdığı "Adamyeyənlər" hekayəsində Azərbaycanı təhqir etdiyini, buna görə xalqdan üzr istəməli olduğunu bildirib.

Cari məsələlərdən sonra bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik məruzəsinin müzakirəsi zamanı söz alan F. Mustafa gündəlikdəki mövzunun müzakirəsindən əvvəl S. Novruzova cavab verib: "Bayaq həmkarım Siyavuş Novruzovun haqqımda dedikləri məni çox təəccübləndirdi. Hamı gördü ki, Azərbaycan prezidenti bu yaxınlardakı iclasda özünü xalqın xidmətçisi adlandırdı və ölkədə xüsusilə korrupsiya ilə bağlı problemlərin olduğunu, buna qarşı mübarizənin gücləndirməyin zəruriliyini söylədi. Biz də bu yöndə tənqid səsləndirmişik, indi mən başa düşmürəm, Siyavuş Novruzov nədən narahatdır? Görünür, bəziləri özlərini özünü xalqın xidmətçisi hesab edən prezidentin yox, xalqa divan tutan bir sıra məmurların xidmətçisi kimi aparmağa üstünlük verirlər".

Lakin birinci vitse-spiker Ziyafət Əsgərov F. Mustafanın sözünü kəsərək, gündəliyin müzakirəsindən yayınmamaqla bağlı xəbərdarlıq edib.

F. Mustafa isə yenidən təkid edərək söz alıb və əslində elə mahiyyət üzrə danışdığını, bəzi həmkarlarının tənqidə dözümlü olmasını istədiyini bildirib.

Daha sonra deputat bələdiyyələrin illik məruzəsi barədə də danışmağa başlayıb.